newsPhoto

Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşı Azərbaycan Xalça Muzeyini ziyarət edib

Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə xalqımızın maddi və mədəni irsini təşkil edən, dəyərinə və əhəmiyyətinə görə dünyada ən böyük kolleksiyası ilə tanınan Azərbaycan Xalça Muzeyini ziyarət ediblər.

Əməkdaşlar ölkənin müasir tikililərindən birində yerləşən muzeydə Azərbaycanın müxtəlif bölgələrində aparılan çoxsaylı elmi-tədqiqat ekspedisiyalarının nəticəsi olaraq qədimdən bu günə kimi xalqımızın milli irsini özündə yaşadan və dünyaya nümayiş etdirən sənət nümunələri - xalçalarla tanış olublar.

Diqqətə çatdırılıb ki, qədim xalçaçılıq sənəti müstəqil müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyevin daim qayğı göstərdiyi və yüksək qiymətləndirdiyi bir sahədir. Azərbaycanda Xalça Muzeyinin yaradılması, bu sahə ilə məşğul olan tədqiqatçıların, xalçaçıların diqqət və qayğı ilə əhatə edilməsi Ulu öndərimizin müstəqil Azərbaycanın qurulması yolundakı mühüm xidmətlərindən biridir. Heydər Əliyev xalçaçılığın yaşadılması və inkişafı istiqamətində həyata keçirdiyi mühüm tədbirlər bu gün ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirilir. "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Qanunun qəbul edilməsi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün müasir standartlara uyğun binanın inşa edilməsi bu qədim el sənətinə dövlət qayğısının bariz nümunəsidir. Həmçinin Azərbaycanın I Vitse-Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində Azərbaycan xalçaçılıq sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Azərbaycan Xalça Muzeyini ziyarət əməkdaşlarda xoş təəssürat yaradıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur