newsPhoto

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə əməkdaşlığın perspektivləri müzakirə edilib

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynovun BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis ilə Xidmətin inzibati binasında keçirilən görüşündə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğu və bu əlaqələrin bu gün də uğurla davam etdirildiyi vurğulanıb.

DMX-də 2008-ci ilin fevral ayından Qaçqın statusunun müəyyənləşdirilməsi üzrə müvafiq struktur bölmənin fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.

 “Qaçqın” statusu almaq niyyətində olan şəxslərin müraciətləri Xidmətdə araşdırılması üçün qeydiyyata alınır və müvafiq prosedurlardan sonra onların hər birinə “qaçqın” statusunun verilib-verilməməsi barədə məlumat verilir. Status verilməsindən imtina edilmiş şəxslərə bunun səbəbləri izah edilməklə, inzibati və ya məhkəmə qaydasında şikayət etmək hüququ göstərilməklə yazılı qərarlar təqdim edilir.

Vüsal Hüseynov bildirib ki, DMX-də əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sığınacaq almaq üçün müraciət etməyə yaradılmış lazımi şəraitin daha da təkmilləşdirilməsi üçün müvafiq işlər görülür. DMX tərəfindən biometrik “Qaçqın vəsiqəsi” və “Yol sənədi”nin yeni nümunələri hazırlanıb.

Azərbaycanın iki regionunda (Bakı və Yevlax) Dövlət Miqrasiya Xidmətinin Qanunsuz miqrantların saxlanılması mərkəzləri fəaliyyət göstərir ki, “qaçqın” statusu almaq niyyətində olan şəxslərin yaşamaq üçün yerləri olmadığı təqdirdə müraciətlərinin araşdırılması mərhələsində onlar könüllü şəkildə həmin mərkəzlərdə yerləşdirilirlər.

Xidmət rəisi bildirib ki, 2007-2017-ci illər ərzində müxtəlif ölkələrdən 1125 ərizəçi (ailə üzvləri ilə birlikdə 2210 nəfər) qaçqın statusu almaq niyyəti ilə Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət edib. Hazırda 46 ərizəçi (ailə üzvləri ilə bir­lik­də 75 nə­fər) qaçqın kimi Döv­lət Miqrasiya Xidmətində qeydiyyatdadır.

Vüsal Hüseynov “10 ilə vətəndaşsızlığa son” kampaniyası çərçivəsində görülmüş işlərin miqyasının daha da genişləndirilməsi və vətəndaşsızlıq hallarının aradan qaldırılması üçün əsaslı tədbirlərin davam etdiriləcəyini vurğulayıb. Bu günlərdə sənədsiz yaşayan və vətəndaşlığı naməlum şəxslərin sənədləşdirilməsi işinin təşkili üçün DMX tərəfindən Şirvan şəhərində “Vətəndaşlıq məsələsi əsas insan hüquqlarından biridir” mövzusunda keçirilmiş görüşdə cənab Furio de Angelisin iştirakı qeyd edilib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis səmimi görüşə və Xidmət rəisi kimi fəaliyyətinin başlanğıcında bu həsas mövzuya ayrdığı diqqətə görə minnətdarlığını bildirib və xoş arzularını ifadə edib. Əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiklərini deyib. Qeyd edilib ki,  BMT QAK-ın  Azərbaycandakı nümayəndəliyi Dövlət Miqrasiya Xidməti ilə birlikdə sığınacaq axtaran şəxslər üçün 6 dildə “Azərbaycanda sığınacaq” adlı məlumat kitabçaları hazırlayıb.

O da qeyd edilib ki, DMX-nın aidiyyəti idarəsinin əməkdaşları “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBİLAZE)” layihəsi çərçivəsində “Sığı­na­caq sisteminin keyfiyyətinin artırılması” istiqamətində keçirilən tədbirlərdə aktiv iştirak edir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur