Vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və maarifləndirmə istiqamətində ciddi işlər görülür
Dövlət Miqrasiya Xidməti İsmayıllıda “Vətəndaşsızlıq hallarının aradan qaldırılması” ilə bağlı regional maarifləndirmə tədbiri keçirib. Tədbirin məqsədi Ağsu regional miqrasiya idarəsinin xidmət ərazisində sənədsiz yaşayan və vətəndaşlığı naməlum şəxslərin sənədləşdirilməsi işinin təşkilidir.
Rayon icra hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə Göyçay, İsmayıllı, Kürdəmir, Ağsu, Şamaxı və Qobustan rayonlarının yerli icra hakimiyyəti aparatının işçiləri, məhkəmə orqanlarının səlahiyyətli nümayəndələri, həmin rayonların polis şöbələrinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qruplarının rəisləri, ictimaiyyət nümayəndələri, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov mövzunun aktuallığını qeyd edərək, Dövlət Miqrasiya Xidmətinin həyata keçirdiyi maarifləndirmə tədbirlərinin davamlı olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Ağsu regional miqrasiya idarəsinin rəis müavini Faiq Mustafayev Xidmətin fəaliyyət istiqamətləri barədə məlumat verib.
DMX-nın Vətəndaşlıq məsələləri baş idarəsinin Vətəndaşlıq məsələlərinin həlli idarəsinin rəis müavini vəzifələrini müvəqqəti icra edən Elçin Məmmədov vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və maarifləndirmə, eləcə də ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələbləri istiqamətində ciddi işlər görüldüyünü deyib. Bildirib ki, Azərbaycan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub və bu istiqamətdə sistemli iş aparılır. Xidmət tərəfindən hazırda Azərbaycan Respublikasının vətəndaşsızlıq halları ilə mübarizə sahəsində mühüm tədbirlər həyata keçirilir.
Tədbirin mövzusu ilə bağlı Xidmət tərəfindən hazırlanmış bukletlər tədbir iştirakçılarına təqdim olunub, onları maraqlandıran suallar qanunamüvafiq qaydada cavablandırılıb.
Tədbir zamanı Ağsu Regional Miqrasiya İdarəsinin xidmət ərazisində yaşayan 22 nəfərin müraciəti dinlənilib. Onlardan iki nəfərinə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üçün mövcud sənəd siyahılarının verilməsi, 15 nəfərə Azərbaycan Respublikası vətəndaşlığına qəbul üçün sənədlərin təqdim edilməsi qaydaları izah edilib. Beş nəfərə Azərbaycan Respublikasında yaşama faktı və heç bir ölkənin vətəndaşı olmaması faktının məhkəmə qaydasında təsdiqlənməsi və bundan sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul üçün müraciət etməsi tövsiyə olunaraq mövcud sənədlərin adlı siyahıları təqdim edilib.