newsPhoto

Dövlət Miqrasiya Xidmətində akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb

Aprelin 28-də görkəmli oftalmoloq, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə Dövlət Miqrasiya Xidmətində (DMX) tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən sərgiyə baxıblar.

DMX-nın akt zalında təşkil edilmiş tədbiri giriş sözü ilə açan Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev akademik Zərifə Əliyevanın zəngin ömür yolundan, nəsillərə örnək olan həyat və fəaliyyətindən, tibb elminə verdiyi dəyərli töhfələrdən danışıb. Bildirilib ki, Azərbaycan tibb elminin, xüsusilə onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafında müstəsna xidmətləri olan Zərifə xanım yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, gözlərə işıq verib.

Xidmətin Tibb müəsissəsinin rəisi, I dərəcəli miqrasiya xidməti qulluqçusu Firuzə Hüseynova məruzə ilə çıxış edərək Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinin inkişafına verdiyi dəyərli töhfələrdən bəhs edib. Bildirib ki, Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olub. İstedadlı alim oftalmologiyanın aktual mövzularına həsr edilən çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. Görkəmli alimin 200-dək elmi işi, 14 monoqrafiyası, 12 səmərəliləşdirici təklifi bu gün də aktuallığını qoruyub saxlayır. Akademik tibb elminin inkişafına əvəzsiz töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, eyni zamanda, dünya miqyasında böyük şöhrət qazanıb.

Qeyd edilib ki, görkəmli oftalmoloq-alim Zərifə Əliyeva Averbax adına mükafata layiq görülən ilk qadın alim idi. Zərifə Əliyevanın elmi tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları ilə yanaşı pedaqoji fəaliyyəti, peşəkar elmi kadrların yetişdirilməsindəki xidmətləri danılmazdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. Azərbaycanda oftalmologiya sahəsində ilk akademik olmuş Zərifə xanım Əliyeva ictimai işlərdə də fəallığı ilə seçilib. Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan “Bilik” Cəmiyyətinin və Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub.

Vurğulanıb ki, Zərifə xanım böyük alim olmaqla yanaşı, həm də Ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı, fəal ictimai xadim, gözəl şəxsiyyət, nəcib insan, sədaqətli həyat yoldaşı, mehriban, qayğıkeş ana kimi xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Tədbirin sonunda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın həyat və elmi fəaliyyətindən bəhs edən Azərbaycan Televiziyasının istehsalı olan “Unudulmaz insan” filmi nümayiş olunub.

Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşı, həmçinin akademikin adını daşıyan  Milli Oftalmologiya Mərkəzində akademik Zərifə Əliyevanın Xatirə Muzeyi ilə tanış olublar. Fəxri Xiyabanda görkəmli alimin məzarını ziyarət edib, abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur