newsPhoto

Vətəndaşlıq məsələsi əsas insan hüquqlarından biridir

Dövlət Miqrasiya Xidməti tərəfindən Şirvan şəhərinin Gənclər evində “Vətəndaşlıq məsələsi əsas insan hüquqlarından biridir” mövzusunda görüş keçirilib. Görüşün məqsədi Şirvan regional miqrasiya idarəsinin xidməti ərazisində sənədsiz yaşayan və vətəndaşlığı naməlum şəxslərin sənədləşdirilməsi işinin təşkilidir.

Görüşdə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis, Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayev, Şirvan şəhər Məhkəməsinin hakimi Ziya Əliyev, DMX-nın Vətəndaşlıq məsələləri baş idarəsinin Vətəndaşlıq məsələlərinin həlli idarəsinin rəis müavini vəzifələrini müvəqqəti icra edən Elçin Məmmədov, Şirvan regional miqrasiya idarəsinin rəis müavini Şəmsəddin Məmmədov, Şirvan şəhər və Hacıqabul rayon polis şöbələrinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qruplarının rəisləri, yerli icra hakimiyyəti orqanı və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və maarifləndirmə, eləcə də ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələbləri istiqamətində ciddi işlər görüldüyü bildirilib. Qeyd edilib ki, Azərbaycan  BMT-nin Qaçqınlar üzrə Ali komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub və DMX tərəfindən Azərbaycan Respublikasının vətəndaşsızlıq halları ilə mübarizə sahəsində mühüm tədbirlər həyata keçirilməkdədir.

Vətəndaşsızlıq halları ilə mübarizə sahəsində ölkədə sənədsiz yaşayan, vətəndaşlığı naməlum şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.  Qeyd edilib ki,  ölkəmizin müxtəlif regionlarında məskunlaşmış bu kateqoriyadan olan şəxslərin aşkarlanması və sənədləşdirilməsi istiqamətində mütəmadi tədbirlər görülür. Təkcə 2017-ci il ərzində 31 min 690 şəxsin vətəndaşlıq mənsubiyyəti araşdırılıb və 27 min 88 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb. Ötən il 573 şəxs vətəndaşlığa qəbul, 10 nəfər isə vətəndaşlığa bərpa edilib.

Tədbir zamanı Şirvan regional miqrasiya idarəsinin xidməti ərazisində yaşayan 14 nəfərin müraciəti dinlənilib. Onlardan 4 nəfərin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üçün sənədləri qəbul edilib, 4 nəfərə Azərbaycan Respublikası vətəndaşlığına qəbul üçün sənədləri təqdim etməsi, 4 nəfərə Azərbaycan Respublikasında yaşama faktı və heç bir ölkənin vətəndaşı olmaması faktının məhkəmə qaydasında təsdiqlənməsi və bundan sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul üçün müraciət etməsi, 1 nəfərə doğulduğu ölkənin səfirliyinə müraciət edərək müvafiq sənəd əldə etməsi tövsiyə edilib. 1 nəfər Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmaq üçün sənədlərini təqdim etmiş əcnəbinin əlavə olaraq azyaşlı övladlarının da sənədləri qəbul edilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur