newsPhoto

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Əfqan oğlu Hüseynov Xidmətin kollektivinə təqdim edilib

Yeni Xidmət rəisini kollektivə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev təqdim edib.

Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilmiş Vüsal Əfqan oğlu Hüseynov Xidmətin kollektivinə təqdim edilib.

Yeni Xidmət rəisini təqdim edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Vüsal Hüseynovun keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verib.

R.Mehdiyev Azərbaycan Prezidenti cənab İlham Əliyevin miqrasiya sahəsinə xüsusi diqqət və qayğısından danışıb. Dünyada bu məsələnin aktuallığını qeyd edib. Miqrasiya proseslərinin tənzimlənməsinin də ölkədə aparılan siyasətin əsas prioritetlərindən olduğunu diqqətə çatdırıb. R.Mehdiyev dövlət başçısı tərəfindən miqrasiya sahəsində qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı Xidmətin kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib.

V.Hüseynov Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə minnətdarlığını bildirib. O, dövlət başçısının Dövlət Miqrasiya Xidməti ilə bağlı müəyyən etdiyi vəzifələrin layiqli şəkildə icrasının təmin ediləcəyini vurğulayıb.

V.Hüseynov Xidmətin fəaliyyətinin bütün istiqamətlərində şəffaflığın tam təmin ediləcəyini, ən mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq normativ-hüquqi bazanın və inzibati icraatın təkmilləşdiriləcəyini bildirib və DMX-nin fəaliyyətində sistemli yanaşma və müraciət edənlərin məmnunluğunun təmin ediləcəyi prinsiplərinin rəhbər tutulacağını qeyd edib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur