Dövlət Miqrasiya Xidmətində Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüş olub
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elena Ajmone Sessera, müdafiə işləri üzrə koordinator Byorn Ram və müdafiə İşləri üzrə nümayəndə Evgen Korotkeviçlə görüşüb.
Firudin Nəbiyev dünyada sülhün təmin olunmasında və təhlükəsizliyin gücləndirilməsində böyük rol oynayan və dünyanın 120 ölkəsini hərbi bloklarda iştirak etməmə prinsipi ətrafında birləşdirən Qoşulmama Hərəkatının Xarici İşlər Nazirlərinin toplantısının 2018-ci ilin aprelində Bakıda keçirilməsinin və nəzərdə tutulduğu kimi ölkəmizin 2019-2022-ci ildə Qoşulmama Hərəkatına sədrlik və 2019-ci ildə keçiriləcək sammitə ev sahibliyi etməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə BQXK ilə mövcud olan əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edən F.Nəbiyev bu qurumun saxlama yerlərinin monitorinqini həyata keçirən qrupun mütəmadi olaraq DMX-nın qanunsuz miqrantların saxlanılması mərkəzinə səfərlərini qeyd edib. Dünyada baş verən miqrasiya böhranı nəticəsində humanitar yardıma ehtiyacı olan şəxslərin artdığını bildirən Xidmət rəisi son vaxtlar Azərbaycana qanunsuz miqrasiya meyllərinin çoxalmasını, aşkar olunan faktlar və bu hallara qarşı həyata keçirilən təbirlər barədə məlumat verib. Azərbaycanda irqi, dini, milli, etnik zəmində ayrı-seçkilik faktının qeydə alınmamasını vurğulayan F.Nəbiyev humanitar sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıqdan söhbət açıb. Vətəndaşlıq haqqında milli qanunvericilik, eləcə də həmin qanunveriliyə edilən əlavə və dəyişikliklər barədə məlumat verib. İmzalanmış readmissiya sazişləri, həmin sazişlərin həyata keçirilməsi üzrə icra protokollarının imzalanması istiqamətində görülən işlər barədə danışıb. İcra edilən sazişlərin icra prosesində üzləşilən çətinliklərə diqqət çəkib, vətəndaşlığı olmayan şəxslərin sayının azaldılması istiqamətində görülən işləri qeyd edib.
Ermənistanın Azərbaycan ərazilərini işğalı faktına diqqət çəkən Firudin Nəbiyev 1 milyondan çox insanın 25 ildən çoxdur ki, qaçqın və məcburi köçkün həyatı yaşadığını, Azərbaycan hökumətinin öz imkanları hesabına onların həyat şəraitinin yaxşılaşdırılması üçün işlər gördüyünü və 100-ə yaxın qəsəbə və şəhərciklər salındığını deyib.
Qonağ BQXK-nın ümumi və Azərbaycan Respublikasındakı fəaliyyəti haqqında məlumat verib. Cəbhəyanı bölgələrdə yaşayan əhaliyə verilən dəstək, BQXK tərəfindən həyata keçirilən layihələrin faydaları barədə danışıb. DMX-nın qanunsuz miqrantların saxlanılması mərkəzinə BQXK nümayəndələrinin səfəri üçün yaradılan şəraitə görə, eləcə də qeyd olunan saxlama mərkəzlərində yardılan yüksək standartlara cavab verən maddi-məişət şəraitinə görə Xidmət rəisinə xüsusi minnətdarlığını bildirib. Saxlama mərkəzinin çox sayda şəxsi qəbul etmək imkanına malik olmasını vurğulayıb.
Daha sonra hər iki tərəfin səlahiyyət dairəsinə daxil olan bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb, həssas qurpa daxil olan şəxslərin problemləri müzakirə edilib.
Sonda qonaq səmimi görüşə və ətraflı məlumatlara görə təşəkkürünü bildirib.