“Dövlət Miqrasiya Xidmətinin yaradılması tarixi, inkişaf mərhələsi və fəaliyyət istiqaməti” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Şirvan regional miqrasiya idarəsinin xidməti ərazisinə aid olan Beyləqan rayonunda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, təhsil işçilərinin, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin və yerli icra hakimiyyəti nümayəndələrinin, idarə və müəssisə rəhbərlərinin, hüquq-mühafizə orqanları əməkdaşlarının, o cümlədən rayon polis şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu əməkdaşlarının iştirakı ilə “Dövlət Miqrasiya Xidmətinin yaradılması tarixi, inkişaf mərhələsi və fəaliyyət istiqaməti” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən görüşdə rayon icra hakimiyyəti başçısının birinci müavini Telman Məstanov dövlət quruculuğu prosesi və bu prosesin tərkib hissəsi olaraq Dövlət Miqrasiya Xidmətinin yaradılmasının əhəmiyyətindən danışıb.
Sonra Şirvan regional miqrasiya idarəsinin məsul əməkdaşı geniş məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycanda sabitlik, əmin-amanlıq mövcuddur. Təhlüksəsizlik yüksək səviyyədə təmin olunur. Miqrant adətən ləyaqətli həyat, təminatlı və rahat iş axtarır. Azərbaycan açıq ölkədi, ölkə iqtisadiyyatına kifayət qədər xarici investisiya yatırılıb. Bu gün Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları ölkəmizdə yüksək səviyyədə qorunur. Fərəhli haldır ki, indiyə qədər ölkəmizdə miqrantlara münasibətdə milli, etnik və dini zəmində heç bir hüquq pozuntusu qeydə alınmayıb.
Qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərindən söhbət açılan görüşdə diqqətə çatdırılıb ki, 2018-ci ilin iki ayı ərzində miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 3220 əcnəbi və vətəndaşlığı olmayan şəxs barəsində müvafiq qərarlar qəbul edilib.
Sonda suallar cavablandırılıb və iştirakçılar bu cür tədbirin təşkilindən razı qaldıqlarını bildiriblər.
Tədbir zamanı Şirvan regional miqrasiya idarəsinin xidməti ərazisində yaşayan 9 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsə bildiriş təqdim olunub.
Tədbirin sonunda vətəndaşların səyyar qəbulu təşkil edilib.