newsPhoto

Astara Pedaqoji Kollecində hüquqi maarifləndirmə tədbiri keçirilib

Dövlət Miqrasiya Xidməti (DMX) hüquqi maarifləndirmə, məlumatlandırma tədbirlərini müvəffəqiyyətlə davam etdirməkdədir. Xidmətin yaradılmasının 11-ci ildönümü ərəfəsində Astara Pedaqoji Kollecində hüquqi maarifləndirmə tədbiri keçirilib.

Görüşdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə verildiyi hallar, dövlət rüsumları haqqında müfəssəl məlumat verilib. Çıxış edən Lənkəran regional miqrasiya idarəsinin məsul əməkdaşlarının əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ölkəmizdə yaradılmış şərait, eləcə də DMX-nın göstərdiyi xidmətlər barədə izahedici söhbətləri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Diqqətə çatdırılıb ki, respublikanın əksər rayon və şəhərlərində, ali təhsil müəssisələrində keçirilən görüşlər, “Açıq qapı günü”-vətəndaş forumları miqrasiya qanunvericiliyinin tələblərinin təmin edilməsi işinə müsbət təsir göstərməkdədir.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın miqrasiya siyasəti insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik, miqrasiya qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi, miqrasiya proseslərinin tənzimlənməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi prinsiplərinə əsaslanır.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur