newsPhoto

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri ilə görüşdə işgüzar müzakirələr aparılıb

Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın üzvləri ilə Xidmət rəhbərliyinin növbəti görüşü keçirilib.

Görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev DMX yanında İctimai Şuranın fəaliyyəti, görülən işlər barədə fikirlərini bölüşüb. İctimai Şuranın müvafiq sahələr üzrə qanunvericilik layihələrinin hazırlanması və təkmilləşdirilməsində, ictimai nəzarətin təmin olunmasında, xidmətin keyfiyyətinin artırılmasında, işlərin daha səmərəli təşkilində əhəmiyyətli roluna toxunub. DMX-nın ictimai nəzarətin səmərəliliyinin artırılmasında maraqlı olduğunu və bunun üçün hər cür şəraitin yaradıldığını deyib. Bildirib ki, ictimai iştirakçılığın dövlət üçün nə dərəcədə əhəmiyyətli olduğunu Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib. Çünki, “İctimai iştirakçılıq haqqında” Qanun əsasən müvafiq strukturlar yanında ictimai şuraların yaradılması ölkəmizdə demokratikləşmə prosesinin, eləcə də dövlət-vətəndaş cəmiyyəti münasibətlərinin yeni bir mərhələsi kimi yüksək qiymətləndirilir.

Müvafiq fəaliyyət sahəsində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulmasının Xidmətin əsas fəaliyyət prinsiplərindən biri olduğunu vurğulayan F.Nəbiyev DMX yanında İctimai Şurada cəmiyyətdə nüfuzu olan 7 qeyri-hökumət təşkilatının təmsil olunduğunu və şura üzvlərinin hər birinin ixtisaslaşmış şəxs kimi miqrasiya prosesləri barədə məlumatlılığının ümumi işə töhfə verdiyini qeyd edib.

Çıxış edən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov və şura üzvləri vətəndaşların dövlət idarəçiliyində iştirakı, məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunması, verilən qərarlarda vətəndaş cəmiyyəti institutlarının da rəyinin nəzərə alınması baxımından son illərdə atılmış addımların əhəmiyyətindən danışıblar. Onlar Xidmətin vətəndaş cəmiyyətləri ilə uğurlu əməkdaşlıq təcrübəsindən bəhs ediblər.

Görüş vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi və digər məsələlərlə bağlı təkliflərin irəli sürülməsi ətrafında müzakirələrlə davam etdirilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur