Beynəlxalq Miqrasiya Təşkilatı baş direktorunun müavini Laura Tomson ölkəmizdə səfərdədir
Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) baş direktorunun müavini Laura Tomsonun başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstəsi qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər Xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər qərənfillər düzüblər.
BMqT baş direktorunun müavini Laura Tomson ölkəmizə səfəri çərçivəsində bu gün Dövlət Miqrasiya Xidmətində olub.
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev qonaqları səmimiyyətlə salamlayaraq Beynəlxalq Miqrasiya Təşkilatı ilə qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Xidmət rəisi ölkəmiz haqqında ümumi məlumat verərək diqqətə çatdırıb ki, bu gün Azərbaycan Cənubi Qafaqzda ən güclü və strateji əhəmiyyətə malik dövlətidir. O, bildirib ki, Azərbaycanda nəhəng enerji layihələrinin icrası ilə yanaşı respublikamızda qeyri-neft sektoruna böyük sərmayələr yatırılmaqdadır. F.Nəbiyev vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlərin, aparılan islahtaların nəticəsidir ki, Davos İqtisadi Forumunun dərc etdiyi sonuncu hesabatda iqtisadiyyatın qlobal rəqabət qabiliyyəti indeksində Azərbaycan 35-ci yerdə qərarlaşıb. Respublikamız bu göstərici üzrə MDB ölkələri arasında birincidir.
Xidmət rəisi qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və onun ağır nəticələrinə baxmayaraq, ölkəmiz bütün potensialını səfərbər edərək demokratik inkişaf yolunda böyük uğurlar əldə etməkdədir. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin daha da inkişafı istiqamətində mühüm və qətiyyətli addımlar atılmaqdadır.
F.Nəbiyev əlavə edib ki, bu il müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi ilə əlaqədar olaraq böyük dövlətçilik ənənələrinə malik ölkəmizdə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib.
Xidmət rəisi qeyd edib ki, bu gün Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən birinə çevrilib. Bütün etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və harmoniya şəraitində yaşayır. İndiyədək ölkəmizdə miqrantlara münasibətdə milli, etnik və dini zəmində heç bir hüquq pozuntusu qeydə alınmayıb.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ali diqqəti və təşkilatçılığı sayəsində genişmiqyaslı, möhtəşəm fəaliyyətin ortaya qoyulması ilə Azərbaycan mötəbər beynəlxalq tədbirlərin, o cümlədən idman oyunlarının keçirildiyi bir məkana çevrilib. Firudin Nəbiyev vurğulayıb ki, 2018-ci ilin noyabrında Azərbaycan “Expo-2025”in keçiriləcəyi ölkə seçilərsə, ən ideal ev sahibliyi nümunəsi göstərəcək.
Dünyada baş verən miqrasiya proseslərindən bəhs edən Xidmət rəisi deyib ki, son zamanlar münaqişələrin sayının və coğrafi məkanının genişlənməsi, qaçqın və məcburi köçkünlərin sayının sürətlə artması halları narahatedici faktorlardandır. Əlbəttə, hadisələrin bu cür cərəyan etməsi və getdikcə beynəlxalq birliyin təsir dairəsindən kənara çıxması dünyada qarşısı alınmaz xaotik vəziyyətə və böyük faciələrə səbəb ola bilər. O, 2016-cı ilin sentyabrında BMqT-nin BMT ailəsinə rəsmən qoşulmasının və BMT Baş Assambleyası çərçivəsində dünyada davam edən qaçqın və miqrant axınlarının idarə edilməsində beynəlxalq ictimaiyyətin səylərinin gücləndirilməsi məqsədilə qəbul edilmiş “Qaçqınlara və miqrantlara dair Nyu-York Bəyannaməsi"nin dünya üçün əhəmiyyətindən danışıb.
Bildirib ki, Azərbaycan Hökuməti öz doğma yerlərini tərk etmiş insanların bütün problemlərinin həll edilməsində səylərini əsirgəmir. Onların məşğulluq, təhsil, yaşayış, tibbi və sosial təminat ilə əlaqədar tədbirlər mərhələli qaydada uğurla həyata keçirilir. Məcburi köçkünlәr üçün yüzə yaxın müasir qәsәbә salınıb, yüz minlərlə qaçqın və məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb və bu proses bu gün də davam etdirilir. Lakin əsas problem ərazilərin işğaldan azad edilməsi, münaqişənin həllidir ki, o da Ermənistanın destruktiv mövqeyi nəticəsində bu vaxtadək həllinin tapmayıb.
F.Nəbiyev Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri haqqında da geniş məlumat verib. Bildirib ki, DMX fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və yüksək humanizm prinsipləri əsasında quraraq, aidiyyəti dövlət qurumları ilə birlikdə fəaliyyət göstərir, miqrasiya sahəsində bu orqanların fəaliyyətini əlaqələndirir. Xidmət “bir pəncərə” prinsip üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyat keçirir.
Dövlət Miqrasiya Xidmətinin aparatı, həmçinin 8 regional miqrasiya idarəsi, o cümlədən Bakı və Yevlaxda qanunsuz miqrantların saxlanılması mərkəzləri və strukturuna daxil olan digər qurumları vasitəsilə müraciət edən əcnəbilərə yüksək keyfiyyətli xidmət göstərir. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasının, vətəndaş məmnunluğunun təmin olunmasının zəruriliyini nəzərə alaraq, yaradılmış və Azərbaycan brendi olan ASAN xidmət mərkəzlərində də DMX tərəfindən bir neçə xidmət təqdim olunur.
Miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsindən danışan Xidmət rəisi məlumat verib ki, Azərbaycanda 2013-cü ildə qüvvəyə minmiş Miqrasiya Məcəlləsinin layihəsi hazırlanarkən Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq edilib və eyni zamanda, qeyri-hökumət təşkilatları ilə keçirilmiş görüşlərdə miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində onlar tərəfindən verilən təkliflər nəzərə alınıb.
F.Nəbiyev bu gün ölkəmizin turizm sektorunda yüksəliş dövrünü yaşadığ, respublikaya gələn turistlərə 3 saat ərzində viza verilməsi imkanlarının yaradıldığı və nəticədə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayının ildən-ilə əhəmiyyətli dərəcədə artdığını qeyd edib. Bildirib ki, Azərbaycana səfər edənlərin palitrası zəngindir. Belə ki, dünyanın bütün qitələrindən ölkəmizə gələnlər var.
Azərbaycana gələn əcnəbilərin sayının artması ölkəmizi son illər miqrasiya baxımından mənşə ölkəsindən tranzit və təyinat ölkəsinə çevirib deyən F.Nəbiyev ölkəmizdə əcnəbilərin miqrasiya ilə bağlı qeydiyyat prosedurlarının sadələşdirildiyinə konkret faktlarla diqqət çəkib.
Vahid Miqrasiya Məlumat Sisteminin imkanları bardə məlumat qonaqlar tərəfindən maraqla qarşılanıb.
Xidmət rəisi DMX-da elektron sənəd dövriyyəsinin tətbiqinə və əldə edilən nəticələrə toxunub.
Qanunsuz miqarsiyaya qarşı mübarizədən söhbət açan Xidmət rəisi bildirib ki, 2015-ci ildən qeyri-ieqal yollarla Avropaya miqrant kanalı təşkil etmək istəyən 10-a yaxın dəstə aşkar olunaraq, qarşısı alınıb. Son dövlər isə bununla bağlı daha ciddi işlər aparılır və bu istiqamətdə aidiyyəti hüquq mühafizə və prokurorluq orqanları ilə birgə qanunsuz miqrasiya kanallarının qarşısının alınması üçün tədbirlər görülür.
Miqrasiya sahəsində maarifləndirmə, o cümlədən Xidmətə edilən müraciətlərin operativ cavablandırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti müvafiq işləri davam etdirir.
Ölkəmiz miqrasiya proseslərinin daha effektiv tənzimlənməsi üçün mümkün beynəlxalq alətlərdən istifadə edir, miqrasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla və xarici ölkələrin aidiyyəti qurumları ilə ikitərəfli və çoxtərəfli əsaslarla əməkdaşlıq edir.
BMqT ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu deyən Xidmət rəisi baş direktor U.L.Svinqin 2015-ci ilin sentyabr ayında Azərbaycana uğurlu səfərinin bu əməkdaşlığa təkan verdiyini vurğulayıb. Qurumun Azərbayan nümayəndəliyinin fəaliyyətini yüksək qiymətləndirib. Hazırda, DMX ilə BMqT-nin ölkəmizdəki nümayəndəliyi bir neçə birgə layihə həyata keçirir. Bunlardan “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi”, “Azərbaycanda insan alveri qurbanları və potensial insan alveri qurbanlarının müəyyən edilməsi və onlara yardım göstərilməsi üçün potensialların gücləndirilməsi – VI faza”, “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması layihəsi” və “Azərbaycandan Miqrantların Könüllü Qayıdışına Yardım Üzrə Pilot Layihə misal olaraq göstərilib. Xidmət rəisi deyib ki, DMX BMqT ilə yüksək səviyyədə olan uğurlu əməkdaşlığını bundan sonra da inkişaf etdirəcək.
Görüşdə Azərbaycan Respublikası ilə Avropa İttifaqı (Aİ) və bir sıra ölkələrlə icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında sazişlərin icrası istiqamətində görülən işlərdən söhbət açılıb. Readmissiyası sazişi çərçivəsində Aİ üzvü olan dövlətlərlə icra protokollarının razılaşdırılması və imzalanması işinin sürətləndirilməsinin vacibliyi qeyd edilib.
Beynəlxalq Miqrasiya Təşkilatı baş direktorunun müavini Laura Tomson səmimi görüşə və ətraflı məlumata görə minnətdarlığını bildirib. Ölkəmizə səfərindən mənunluğunu ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov iştirak edib.
Sonra qonaqlar Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Daha sonra Xidmətdə yaradılmış tədris otağı ilə tanış olublar.