newsPhoto

Dövlət Miqrasiya Xidmətində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev  miqrasiya orqanlarında çalışan qadın əməkdaşları təbrik edib, xoş arzularını çatdırıb.

Bildirib ki, nəsillərin mənəvi varisliyi prinsipinin nümunəsi kimi sələflərinin ləyaqətli davamçılarına çevrilən gənc Azərbaycan xanımlarının müstəqil ölkəmizin həyatında yaxından iştirakları və qazandığı uğurlar sevindirici haldır. Çünki, Azərbaycan qadını tarix boyu ağlı, zəkası, qeyrəti, namusu, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə millətinə, torpağına olan hədsiz məhəbbəti ilə tanınıb.

Vurğulanıb ki, Ulu öndər Heydər Əliyev ölkəmizin siyasi həyatında, iqtisadi inkişafında fəallıqları ilə seçilən qadınlara daim qayğı ilə yanaşıb, onların cəmiyyətdəki rolunu yüksək dəyərləndirib. Bu gün Prezident İlham Əliyev də daim qadın əməyinə, onların hüquqlarının qorunmasına, istirahətlərinin təşkilinə diqqətlə yanaşır. Görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə xidmət edirlər.

Qeyd olunub ki, 100 il əvvəl Şərqdə ilk dəfə səsvermə hüququ əldə edən Azərbaycan qadınının sorağı indi ən möhtəşəm beynəlxalq təşkilatlardan gəlir. Ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər.

Sonda F.Nəbiyev bayram münasibətilə qadınları bir daha təbrik edib və onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur