Ali təhsil müəssisələrində miqrasiya ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Miqrasiya qanunvericiliyinin təbliği məqsədilə ali təhsil müəssisələrində miqrasiya ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir.
Azərbaycan Memarlıq və İnşaat Universitetində və Azərbaycan Tibb Universitetində təhsil alan əcnəbi tələbələrlə görüşlər keçirilib.
Tədbirlərdə Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlər - olduğu yer üzrə qeydiyyat, müvəqqəti və daimi yaşamaq üçün icazənin və iş icazəsinin verilməsi və əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati məsuliyyət barədə ətraflı məlumat verilib.
Görüşlərdə Xidmətin məsul əməkdaşları bildiriblər ki, DMX-nın “Elektron hökumət” portalına inteqrasiya olunmuş 11 elektron xidməti vasitəsi ilə göstərilən xidmətlər müraciət edənlərin rahatlığını, habelə operativliyi və şəffaflığı təmin edir. Çünki, miqrasiya sahəsində tətbiq edilən yeniliklərin məqsədi xidmət göstərilən kontingentin, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məmnunluq səviyyələrini artırmaqdır.
Qeyd edilib ki, bu gün Dövlət Miqrasiya Xidmətinin 8 regional miqrasiya idarəsi tam gücü ilə fəaliyyət göstərir. Vurğulanıb ki, ölkəyə gələn hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının ərazisində olmasını və yaxud yaşamasını mütləq leqallaşdırmalıdır. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, əcnəbilərin respublikamıza qanuni əsaslarla rahat gəlmələrini, qalmalarını, yaşamalarını, işləmələrini, təhsil almalarını təmin edən mütərəqqi qanunvericilik bazası yaradılıb. Qeyd olunub ki, ölkənin miqrasiya qanunvericiliyinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər respublikamızda olarkən, qanunda və ya Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər.
Hər iki görüşdə verilən məlumat maraqla qarşılanıb, iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.