Dövlət Miqrasiya Xidmətinin rəisi Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.
Firudin Nəbiyev bildirib ki, Azərbaycanla Türkiyənin əlaqələri tarix boyu xalqlarımız və dövlətlərimiz arasında formalaşmış qardaşlıq münasibətlərinə söykənir. Bu əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri uğurlu siyasətdən bəhs edən Xidmət rəisi diqqətə çatdırıb ki, bu gün Türkiyə ilə Azərbaycan Hökumətləri arasında qurulmuş siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq bir nümunədir.
Görüşdə Prezident İlham Əliyevin 2013-cü ilin noyabrında Türkiyəyə rəsmi səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair” Sazişin əhəmiyyəti vurğulanıb.
Xidmət rəisi deyib ki, «bu gün Türkiyə vətəndaşları respublikamızda tikinti, neft-qaz, yəni enerji sektoru və emal sənayesi, iri istehsalat layihələri, yaşayışın təşkili və ictimai iaşə, təhsil, topdan və pərakəndə ticarət, kənd təsərrüfatı, turizm, avtomobillərin təmiri sahələrində əməkçi miqrant kimi haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olur, onların və ümumiyyətlə miqrantların hüquqları Azərbaycanda hər zaman yüksək səviyyədə qorunur. Azərbaycan vətəndaşlarının da qardaş ölkədə bu cür qayğı ilə əhatə olunduğundan əminəm».
F.Nəbiyev xatırladıb ki, bu gün ölkəmiz turizm sektorunda yüksəliş dövrünü yaşayır və respublikaya gələn turistlərə verilən viza tələbləri sadələşdirilır.
Son dövrlərdə qanunsuz mqirasiyaya qarşı həyata keçirilən tədbirlərdən danışan Xidmət rəisi qeyd edib ki, qeyri-leqal miqrasiya ölkənin təhlükəsizliyinə birbaşa təsir edən amillərdəndir. Ona görə də əcnəbinin gəlişinin bəyan edilmiş məqəsədinə riayət etməsi, vaxtında olduğu və yaşadığı yer üzrə qeydiyyata düşməsi, ölkədə müəyyən olunmuş müddətdə qalması və s. daim nəzarətdə saxlanılır.
Görüşdə miqrasiya sahəsində qarşılıqlı münasibətlərin tənzimlənməsi üçün hüquq-müqavilə bazasının möhkəmləndirilməsi, həmçinin qeyri-müəyyən vəziyyətdə olan vətəndaşların leqallaşdırılması və statuslarının müəyyənləşdirilməsi məqsədi daşıyan “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsinin ikitərəfli əlaqələrin gücləndirilməsində roluna da toxunulub.
Səfir səmimi görüşə görə Dövlət Miqrasiya Xidmətinin rəisinə təşəkkür edib. Diplomat Azərbaycanla Türkiyə arasında əlaqələrin sağlam və davamlı inkişafından bəhs edib. Miqrasiya sahəsində ölkəsinin müvafiq qurumları ilə ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə miqrasiya qanunvericiliyi, həmçinin miqrasiya ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilməsi məqsədilə “Dövlət Miqrasiya Xidmətinin rəisi Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb” sərlöhvəli məlumatın qısa müddət ərzində ingilis və rus dillərinə tərcümə edilərək İctimaiyyətlə əlaqələr idarəsinə təqdim olunması ilə bağlı göstəriş verməyinizi xahiş edirəm.