newsPhoto

Ali təhsil müəssisələrində maarifləndirmə tədbirləri tələbələr tərəfindən maraqla qarşılanıb

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 11-ci ildönümü ərəfəsində  paytaxtda və regionlarda ictimaiyyətin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məlumatlandırılması məqsədilə maarifləndirmə tədbirləri davam etdirilir.
Azərbaycan Texniki Universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində miqrasiya qanunvericiliyindəki yeniliklər şərh olunub. 
Görüşdə Xidmətin məsul əməkdaşları çıxış edərək Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən xidmətlər, eləcə də əldə edilən nailiyyətlər barədə ətraflı məlumat verib. 
Bildirilib ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallardan biri şəxsin ölkənin ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil almasıdır. Respublikanın ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu 1 illik 40 manat, 2 illik 80 manat müəyyən edilib. Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə 1 illik müddət üçün dövlət rüsumunun məbləği 120 manatdır. Amma Azərbaycan dövlətinin humanist yanaşmasının daha bir nümunəsidir ki, əcnəbi tələbələrə bu sahədə də müvafiq güzəşt nəzərdə tutulur. 
Vurğulanıb ki, miqrasiya xidmətlərini müasir informasiya texnologiyalarının nailiyyətlərindən kənar təsəvvür etmək mümkünsüzdür. Xidmət tərəfindən “Elektron Xidmət”lərin göstərilməsi üçün rəsmi internet səhifəsində xüsusi bölmə yaradılıb. Diqqətə çatdırılıb ki, bu gün DMX-nə “Elektron hökumət” portalına inteqrasiya olunmuş 11 elektron xidmət vasitəsi ilə vətəndaşların müraciətləri daxil olur və hər biri üzrə qanunvericiliyin tələblərinə müvafiq qərarlar qəbul olunur. Bu da öz növbəsində vətəndaşlara göstərilən xidmətlərin operativliyini, rahatlığını, habelə şəffaflığını təmin edir.
Qeyd edilib ki, Xidmətin  “Çağrı mərkəzi” (012 919) müraciət edənlərin  3 dildə zəruri informasiya əldə etmək hüququnun təmini baxımından mühüm əhəmiyyət kəsb edir. 
Ölkəmizdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaradılmış şərait, eləcə də Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən xidmətlər barədə verilən məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Hər iki universitetdə keçirilən görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur