Maarifləndirmə tədbirləri davam etdirilir
Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasının 11-ci ildönümü ilə əlaqədar təsdiq edilmiş tədbirlər planına əsasən Şəki regional miqrasiya idarəsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filiallarında miqrasiya qanunvericiliyi ilə bağlı maarifləndirmə tədbirləri təşkil edib.
Tələbələrin, professor və müəllim heyətinin iştirakı ilə keçirilən görüşlərdə ölkəmizdə miqrasiya proseslərinin tənzimlənməsi, idarə olunması sahəsində “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən DMX-nın fəaliyyət istiqamətləri haqqında məlumat verilib. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, vətəndaşlıq məsələləri ilə bağlı Xidmətin gördüyü işlər barədə geniş söhbət açılıb. Diqqətə çatdırılıb ki, ötən dövr ərzində ölkəmizdə miqrasiya idarəetmə mexanizmi təkmilləşdirilib, respublikaya gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində qanuni əsaslarla yaşamaları, onlara müvafiq icazələrin verilməsi və onların yaşayış yeri üzrə qeydiyyata alınmaları prosedurları sadələşdirilib, nəticədə bu sahədə şəffaflığın tam təmin edilməsinə nail olunub.
Qanunsuz miqrasiya halları ilə mübarizə sahəsində son illərdə əldə olunmuş nəticələrə toxunulub. Bildirilib ki, təkcə bu ilin yanvar ayı ərzində Bakı şəhərində, həmçinin respublikanın digər şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1635 qərar qəbul edilib. Ölkəmizə gələn əcnəbilərin respublikamızda olma və yaşamalarını leqallaşdırmalarının qanunvericiliyin tələbi olduğu vurğulanıb.
Sonda suallar cavablandırılıb.