newsPhoto

Dövlət Miqrasiya Xidməti İsmayıllıda “Açıq qapı günü” - vətəndaş forumu keçirib

“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Dövlət Miqrasiya Xidmətinin (DMX) Ağsu regional miqrasiya idarəsi İsmayıllıda “Açıq qapı günü” - vətəndaş forumu keçirib.

Heydər Əliyev adına Mədəniyyət Evində təşkil olunan vətəndaş forumunda Milli Fəaliyyət Planında əksini tapan dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, ictimaiyyətlə sıx əlaqələrin qurulması və ictimai iştirakçılığın genişləndirilməsi ilə bağlı bir sıra prinsiplərdən söz açılıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, işəgötürənlər, sahibkarlar, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün keçirilən tədbirdə qeyd olunub ki, Dövlət Miqrasiya Xidməti ölkəmizdə miqrasiya proseslərinin tənzimlənməsi, idarə olunması sahəsində “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirir. DMX-nin fəaliyyət sahəsinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, vətəndaşlıq məsələləri, vətəndaşlıq mənsubiyyətinin, qaçqın statusunun müəyyənləşdirilməsi və sair kimi məsələlər daxildir. Xidmətin aparatında, istərsə də regional miqrasiya idarələrində vətəndaşlara rahat, operativ və şəffaf xidmət üçün ardıcıl tədbirlər həyata keçirilir.

“Açıq qapı günü”ndə DMX-nin elektron və onlayn xidmətləri barədə geniş məlumat verilib. “Elektron hökumət” portalına qoşulan qurumun istifadəyə verdiyi 11 elektron xidmətdən istifadə qaydaları və üstünlükləri əyani şəkildə izah olunub, bununla bağlı verilən suallar cavablandırılıb. Tədbirdə vurğulanıb ki, elektron xidmətlərin yaratdığı imkanlar sayəsində vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətləri artıq elektron qaydada da qəbul edilir.

Məlumat verilib ki, gördüyü işlər barədə ictimaiyyəti yaxından tanış etmək, öz fəaliyyəti haqqında əhalini məlumatlandırmaq məqsədilə Dövlət Miqrasiya Xidmətinin www.migration.gov.az rəsmi saytı işini günün tələblərinə uyğun qurur. Habelə Dövlət Miqrasiya Xidmətinin Azərbaycan, rus və ingilis dillərində çıxan “Miqrasiya” jurnalı mütəmadi nəşr olunur. Sərhəd nəzarət buraxılış məntəqələrindən keçərək ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məlumatlandırılması məqsədilə onlara elə sərhəddəcə Azərbaycan, rus və ingilis dillərində olan müvafiq yaddaş vərəqəsi verilir.

Bildirilib ki, Xidmətdə informasiya-kommunikasiya texnologiyaları strategiyasının icrası və inkişafı, yeni hesabat altsistemi proqram təminatının hazırlanması, informasiya sistemlərinin yaradılması məqsədilə kompleks tədbirlər həyata keçirilir. Belə ki, Azərbaycan Prezidentinin 2009-cu il 6 fevral tarixli Sərəncamına əsasən fəaliyyəti təmin edilən Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) bu gün ölkədəki miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verir. Habelə VMMS-nin “Giriş-Çıxış və Qeydiyat” İdarələrarası Avtomatlaşdırılmış Məlumat-Axtarış Sisteminə və Əhalinin Dövlət Reyestrinə inteqrasiyası təmin olunub. Eyni zamanda, DMX-də virtual informasiya təhlükəsizliyinə, o cümlədən istifadə olunan informasiya sistemləri, internet resursları, elektron xidmətlər və kompüter şəbəkələrinin təhlükəsizliyinə ciddi nəzarət həyata keçirilir.

Tədbirdə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin diqqəti və qayğısı nəticəsində Xidmətin Bakı, Şirvan, Lənkəran, Gəncə, Yevlax, Şəki, Ağsu və Xaçmaz regional idarələri tam gücü ilə fəaliyyət göstərir. Regional idarələrin yerləşdiyi binalar müasir tələblərə tam cavab verir və yüksək səviyyədə xidmət şəraiti yaradılıb. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə vətəndaşların qəbulu şöbələri müasir avadanlıq və zəruri vasitələrlə təchiz olunub. Qurumun hər bir regional idarəsində miqrasiya məsələləri ilə bağlı informasiya və hüquqi maarifləndirmə guşələri yaradılıb. Bu da ictimai maariflənmənin təmin olunmasına, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eləcə də əhalinin bu sahədə hüquqi biliklərinin artırılmasına xidmət edir.

Sonda miqrasiya qanunvericiliyinə aid çoxsaylı suallar əməkdaşlar tərəfindən cavablandırılıb və fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur