newsPhoto

Göygöldə miqrasiya sahəsində hüquqi maarifləndirmə tədbiri keçirilib

Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasının 11-ci ildönümü ilə əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq ictimaiyyətin miqrasiya qanunvericiliyi sahəsində maarifləndirilməsi məqsədilə Gəncə regional miqrasiya idarəsinin təşkilatçılığı ilə Göygöl rayonunda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, sahibkarlıq subyektlərinin, aidiyyəti dövlət qurumlarının, təhsil işçilərinin, yerli icra hakimiyyəti və bələdiyyələrin nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə “Qanunsuz miqrasiya hallarının qarşısının alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətlər və qanunvericiliyin tətbiqi zamanı qanunsuz miqrantların hüquq və vəzifələri” və “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində öz hüquq və vəzifələrini həyata keçirə bilmələri üçün Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən xidmətlər” mövzusunda məruzələr təqdim olunub. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə nəzərdə tutulmuş inzibati məsuliyyətlər ətraflı izah olunub.

DMX tərəfindən təkcə 2018-ci ilin yanvar-fevral ayları ərzində qanunsuz miqrasiyaya qarşı həyata keçirilmiş mübarizə tədbirləri barədə ümumi məlumat verilib. Qeyd olunub ki, mütəşəkkil dəstədə birləşmiş bir qrup şəxs tərəfindən 2017-ci ilin oktyabrından başlayaraq Hindistan Respublikasının 89 vətəndaşının külli miqdarda pul vəsaitlərinin ələ keçirilərək Azərbaycan Respublikasında işlə təmin edilməsi adı ilə Bakıya turist kimi gətirilmələri, yerləşdirilmələri, viza müddətləri bitməsinə baxmayaraq, Azərbaycan ərazisində qanunsuz qalmaları müəyyən edildiyindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib. Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bildirilib ki, Miqrasiya Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün vəzifələri də yerinə yetirməlidirlər. Lakin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının milli mənafeyinə zidd olmamalıdır. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan qanunlarının və digər qanunvericilik aktlarının tələblərini pozmamalı, xalqımızın adət və ənənələrinə hörmət etməlidirlər.

Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Elə həmin gün Göygöl şəhərində səyyar qəbul keçirilib. 15 şəxsə səyyar xidmət göstərilib. 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur