newsPhoto

Dövlət Miqrasiya Xidmətində Hindistanın Azərbaycandakı səfiri ilə görüş olub

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana ilə qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşündə iki ölkə arasında mövcud olan əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub.

Görüşdə Azərbaycanda  viza rejiminin sadələşdirilməsi ilə bağlı son dövrlərdə həyata keçirilən tədbirlərin əhəmiyyəti, tətbiq olunan elektorn viza rejiminin əlverişliliyi qeyd edilib, elektron vizanın tətbiqindən sonra ölkəyə gələnlərin sayında artımın müşahidə olunduğu bildirilib. Xidmət rəisi Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi uğurlara diqqət çəkib. Respublikamızdakı sabitliyin, tolerantlıq və multikulturallığın əcnəbiləri ölkəyə cəlb edən əsas amillər olduğunu vurğulayıb.  

F.Nəbiyev DMX-nın “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanın səlahiyyətlərini həyata keçirən qurum kimi fəaliyyət istiqamətləri, Vahid Miqrasiya Məlumat Sisteminin imkanları, regional miqrasiya idarələri, saxlama mərkəzləri, qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri, ölkədə sənədsiz yaşayan şəxslərlə bağlı görülən tədbirlər barədə söhbət açıb.

Xidmət rəisi Azərbaycanın sürətli inkişafı, eləcə də son zamanlar viza siyasətində tətbiq olunan yeniliklər nəticəsində əcnəbilərin ölkəyə axının nəzərə çarpacaq dərəcədə artması, qanuni miqrasiya ilə yanaşı qanunsuz miqrasiya cəhdlərinin çoxalması, Asiya ölkələrindən qanunsuz miqrasiya kanallarının təşkili hallarının aşkar olunması, qanunsuz miqrasiyanı təşkil edən mütəşəkkil qrupların ifşa olunaraq məsuliyyətə cəlb edildiklərinə dair konkret faktlara diqqət çəkib.

 F.Nəbiyev qeyd olunan qanunsuz miqrasiya kanallarına son zamanlarda Hindistan vətəndaşlarının cəlb olunmaları, öz ölkələrində müxtəlif yollarla aldadılaraq yüksək məvacibli işlə təmin edilmək adı altında Azərbaycana gətirilərək, daha sonra istismarın və qanunsuz əməllərin qurbanına çevrilmələri barədə danışıb.

Görüşdə həyata keçirilmiş tədbirlər nəticəsində qeyd olunan əməlləri törədən şəxslərin aşkarlanaraq saxlanıldığı, qanunsuz miqrasiya kanalı təşkil edənlərin qurbanı olan Hindistan vətəndaşlarının DMX-nın saxlama mərkəzində yerləşdirilmələri, mərkəzdə yardılmış şəraitin yüksək səviyyədə olduğu, onların hüquqlarının bərpası və tam təmin olunması istiqamətində bütün zəruri tədbirlərin həyata keçirildiyi, beynəlxalq təşkilatların, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin mövcud vəziyyəti müşahidələri üçün açıq və şəffaf şəraitin yaradıldığı vurğulanıb.

Səfir saxlanılan Hindistan vətəndaşları üçün DMX-nın saxlama mərkəzində yaradılmış şərait barədə məlumatlı olduğunu deyib, beynəlxalq standartlara uyğun və yerləşdirilənlərin insan hüquq və azadlıqlarının tam qorunduğu saxlama mərkəzində onlara göstərilən diqqət və qayğıya görə Xidmət rəisinə minnətdarlığını bildirib.

Görüşdə dünyada baş verən qlobal miqrasiya böhranına toxunulub. Bu böhranın həllində beynəlxalq əməkdaşlığın önəmi vurğulanıb. Hər iki ölkə arasında miqrasiya idarəçiliyi, eləcə də qanunsuz miqrasiya ilə mübarizə istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Sonda səfir Sanjay Rana Xidmət rəisinə bir daha saxlama mərkəzində yerləşdirilən Hindistan vətəndaşlarına göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur