newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri ilə görüşüb

İkitərəfli əlaqələrin yüksək dinamika ilə inkişaf etdiyinin qeyd olunduğu görüşdə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında mövcud münasibətlərə toxunan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev bu əlaqələrdən həm Aİ ölkələrinin, həm də respublikamızın vətəndaşlarının faydalanmasının zəruriliyindən bəhs edib.

Bakıda baş tutmuş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasının əhəmiyyəti vurğulanıb. Azərbaycanın enerji sahəsində Aİ üçün önəmli tərəfdaş olduğu, enerji ilə yanaşı miqrasiya da daxil olmaqla digər sahələrdə əməkdaşlığın son dövrlər daha da intensivləşdiyi qeyd edilib. 

Xidmət rəisi Aİ üzv ölkələrinə etdiyi rəsmi səfərlərin səmərəli nəticələri barədə fikirlərini bölüşüb. Aİ ilə Azərbaycan arasında readmissiya sazişlərinin icrası, icra zamanı yaranan problemlərin nəzərə çatdırılması və həlli baxımından bu səfərlərin miqrasiya sahəsində əməkdaşlığa verdiyi töhfələri konkret faktlarla diqqətə çatdırıb. Uğurlu əməkdaşlıq münasibətlərinin formalaşdırılmasında Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rolunu qeyd edib.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktına diqqət çəkilən görüşdə Xidmət rəisi ölkəmizin işğal olunmuş ərazilərindən olan və Aİ üzv dövlətlərində qanunsuz yaşayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsinin işğal səbəbindən mümkün olmaması kimi çətinliklərdən söhbət açıb.

Görüşdə ötən ilin noyabr ayında ölkə başçılarının iştirakı ilə keçirilmiş Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində imzalanmış Birgə bəyanatda ölkələrin ərazi bütövlüyünün dəstəklənməsinin qeyd olunmasının mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə miqrasiya qanunvericiliyi ilə bağlı bəzi məqamlara toxunulub. Xidmət rəisi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişi, ölkədə olması və yaşaması ilə bağlı qanunvericiliyin tələbləri, tətbiq olunan prosedurlar və ASAN viza barədə məlumat verib. Son günlərdə qanunsuz miqrasiyaya qarşı həyata keçirilən intensiv tədbirlərdən danışıb.

Görüşdə dünyada və Avropada baş verən qaçqın və miqrant böhranının mürəkkəbliyi vurğulanıb, bu böhranla mübarizədə humanist və kompleks yanaşmanın tətbiqinin vacibliyi önə çəkilib.

Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas görüşə vaxt ayırdığına görə Xidmət rəisinə təşəkkür edib.

Sonda gələcək əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur