Dövlət Miqrasiya Xidmətində Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə görüş olub
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Amerika Ticarət Palatasının (“AmCham”) nümayəndə heyəti ilə indiyə qədər keçirilmiş görüşlərin əhəmiyyətinə toxunub. Bildirib ki, Xidmət tərəfindən hər zaman özəl sektora və biznes sektoruna diqqət və qayğı göstərilib. Xidmətin rəhbərliyinin iştirakı ilə biznes-forumlarda iş adamları, işəgötürənlərin nümayəndələri, sahibkarlarla, o cümlədən onların təmsil olunduqları təşkilatlar - ATİB, TÜİB, AMCHAM, Alman-Azərbaycan Xarici Ticarət Palatası nümayədələri ilə ayrı-ayrı vaxtlarda çoxsaylı görüşlər keçirilib və görüşlərdə qaldırılan məsələlərin ən qısa müddətdə həll edilməsi üçün tədbirlər görülüb. O, bu günkü görüşün də səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.
Xidmət rəisi bildirib ki, bu gün dünyada miqrasiya və onun idarəolunması aktual məsələyə çevrilib. Eyni zamanda, miqrasiya proseslərinin ölkənin iqtisadi maraqlarına uyğun tənzimlənməsi üçün müvafiq miqrasiya siyasətinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. F.Nəbiyev əlavə edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunu gündən-günə artırmaqdadır. Ölkəmizdə icra edilən köklü iqtisadi islahatlar artıq öz bəhrəsini verir. Azərbaycanın nəhəng transmilli infrastruktur layihələri Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişir.
Xidmət rəisi deyib ki, uğurların əsasını ölkəmizdəki təhlükəsizlik və sabitlik təşkil edir. Çünki, sabitlik olmayan ölkəyə investisiya yatırılmır. Bu gün təhlükəsiz ölkələr sırasına daxil edilən respublikamızda mötəbər beynəlxalq tədbirlərin, o cümlədən idman oyunlarının keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırır.
F.Nəbiyev qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafının dövlətin iqtisadi siyasətinin prioritet istiqaməti olmasını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il tarixli Fərmanı ilə iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi və bu sahələrdən biri kimi turizmin inkişafına dair strateji yol xəritəsinin müəyyən olunmasının əhəməyyətini konkret faktlarala iştirakçıların diqqətinə çatdırıb. Turizmin ölkə iqtisadiyyatındakı xüsusi çəkisinin daha da artırılmasından bəhs edən Xidmət rəisi bu sahədə işin koordinasiya olunması məqsədilə yaradılmış Azərbaycan Respublikasının Turizm Şurasında Dövlət Miqrasiya Xidmətinin də təmsil olunduğunu deyib. 2017-ci ilin əvvəlindən “ASAN Viza” sisteminin tətbiqi nəticəsində 3 gün, o cümlədən hazırda 3 saat ərzində turist vizasının alınmasının ölkəmizə səfər etmək istəyənlərin sayının kifayət qədər artmasına səbəb olduğunu bildirib. O, çoxdəfəlik viza əsasında 90 günədək olan elektron vizaların verilməsi istiqamətində iş aparıldığını açıqlayıb.
F.Nəbiyev miqrasiya proseslərinin intensivləşməsi fonunda bu proseslərin idarə edilməsi üçün təsirli tədbirlər görülməsi məqsədilə 11 il əvvəl - 2007-ci ildə yaradılmış Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, əldə olunmuş nailiyyətlər haqqında da söhbət açıb. Bildirib ki, 2009-cu ildən miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi Dövlət Miqrasiya Xidmətinə həvalə olunub. 2009-cu ildən DMX-nın Vahid Miqrasiya Məlumat Sisteminin (VMMS) fəaliyyəti təmin edilib ki, bu gün bu sistem vasitəsilə hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət olunur. Xidmət rəisi qeyd edib ki, 2013-cü ildə ilk dəfə Miqrasiya Məcəlləsinin qəbulu ilə də Azərbaycan miqrasiya idarəetməsi sahəsində bir nümunə göstərib.
Xidmət rəisi xüsusilə vurğulayıb ki, Prezident İlham Əliyevin ali diqqət və qayğısı ilə əhatə olunmuş miqrasiya orqanları əməkdaşları da çalışırlar ki, ölkəmizə təşrif buyuran əcnəbilərin miqrasiya ilə bağlı məsələləri operativ şəkildə həll edilsin.
Xidmət tərəfindən göstərilən 11 elektron xidmətin hamısının “Elektron hökumət” portalına inteqrasiyası təmin edilib. Şəffaflığın təmin edilməsi məqsədilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, o cümlədən Azərbaycan vətəndaşlarının cərimə və rüsumlarının real vaxt rejimində elektron formada ödənilməsi təşkil olunub.
F.Nəbiyev nümayəndə heyətinin diqqətinə çatdırıb ki, Azərbaycan brendi olan ASAN xidmət mərkəzlərində Dövət Miqrasiya Xidməti tərəfindən bir neçə xidmət növü təqdim edilir. O, Xidmətin əldə etdiyi uğurlardan biri kimi, dövlət xidmətlərinin “ASAN xidmət indeksi”ni təşkil edən meyarlar üzrə qiymətləndirilməsinin nəticələrinə əsasən Dövlət Miqrasiya Xidmətinin ilk sıralarda yer tutduğunu açıqlayıb.
Hazırda, Xidmətin tamamilə elektron sənəd dövriyyəsinə keçməsi ilə bağlı işlərin sürətləndirildiyini deyən Xidmət rəisi atılan bu addımın gələcəkdə sənəd qəbulu zamanı müraciət edən şəxslərin rahatlığının təmin edilməsində rolundan danışıb.
Xidmət yanında yaradılan İctimai Şuranın fəaliyyətinin əhəmiyyətinə toxunan F.Nəbiyev miqrasiya sahəsində əhəmiyyətli məsələlərin ictimai müzakirəsinin təşkili istiqamətində görülən işlərdən bəhs edib.
Azərbaycanda olan miqrantların hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğunu deyən Xidmət rəisi bildirib ki, ölkədəki əməkçi miqrantların əksəriyyəti yüksək səviyyəli mütəxəssislərdir və onların da əmək fəaliyyəti ilə məşğul olduqları sahələrə əsasən sənaye, tikinti, təhsil və s. daxildir.
Eyni zamanda, Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya prosesləri üzərində həyata keçirilən dövlət nəzarətinin nəticəsi olaraq, 2013-cü ildə Xidmətin iştirakı ilə ARDNŞ və “BP-Azərbaycan” şirkəti arasında imzalanmış milliləşdirilmə sahəsində əməkdaşlığa dair protokola uyğun olaraq, neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi məsələlərinə nəzarət gücləndirilib. 2014-2018-ci illəri əhatə edən plana uyğun olaraq neft-qaz layihələrində işləyən şirkətlərin milliləşmə göstəricilərinin 95%-ə çatdırılması ilə bağlı müəyyən olunmuş hədəfə artıq nail olunur.
Xidmət rəisi bildirib ki, əcnəbilərin ölkədə yaşama və iş icazələrinin alınması ilə bağlı sənədləşməsinin sadələşdirilmisi ilə bağlı da mütəmadi iş aparılır.
F.Nəbiyev qanunsuz miqrasiya qarşı mübarizə tədbirlərinə də toxunub. Təəssüf hissi ilə bildirib ki, bəzi şirkətlər tərəfindən xaricdən qanunsuz əməkçi miqrantların cəlb edilməsi kimi hallar qeydə alınır. Bununla bağlı DMX-yə müəyyən məlumatlar daxil olduqda işəgötürənlərlə müzakirələr aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müəyyən şirkətlərdə arxayınlıq yaratmamalı, sahibkarlar dövlət başçısının onlara diqqət və qayğısına adekvat münasibət göstərməli, qanunlara riayət etməlidirlər.
F.Nəbiyev bir daha xatırladıb ki, əlbəttə, istər sosial-iqtisadi, istərsə də digər sahələrdə Azərbaycanın potensial imkanları kifayət qədər böyükdür. Dövlət Miqrasiya Xidməti də ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın milli inkişaf strategiyasının reallaşdırılmasına, ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsinə töhfə vermək əzmindədir.
Amerika Ticarət Palatasının nümayəndə heyətinin üzvləri səmimi görüşə görə minnətdarlıq ediblər. “Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidə və tövsiyələr” adlı “Ağ sənəd”in növbəti nəşrinin hazırlanması üçün miqrasiya ilə bağlı məsələlərin Xidmət ilə müzakirəsində maraqlı olduqlarını bildiriblər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.