ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosunun regional əlaqələndiricisi ilə Dövlət Miqrasiya Xidmətində görüş olub
Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyev Azərbaycanda səfərdə olan ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosunun regional əlaqələndiricisi Conatan Heys ilə görüşüb.
Xidmətin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən V.Nağıyev bildirib ki, Dövlət Miqrasiya Xidməti əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması kimi funksiyaları həyata keçirir. Xidmət rəisinin birinci müavini DMX-nın Qanunsuz Miqrantların Saxlanılması mərkəzlərinin işi barədə söhbət açıb.
Sonra V.Nağıyev Prezident İlham Əliyevin rəhbərliyi altında Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşayan bir milyondan çox insanın problemlərinin həlli ilə bağlı həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində dünyanın oxşar problemlərlə üzləşən ölkələri üçün nümunə kimi dəyərləndirilən Azərbaycan modeli barədə məlumat verib.
Görüşdə Conatan Heys qaçqınlar və sığınacaq axtaranlarla bağlı müasir dünyada mövcud vəziyyətlə bağlı fikirlərini bölüşüb.
Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə olunduğu görüşdə qonaq ətraflı məlumata görə minnətdarlığını bildirib.