newsPhoto

20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir

Bu fikir Dövlət Miqrasiya Xidmətində “20 Yanvar Azərbaycan xalqının birlik, fəxr və şərəf günüdür” mövzusnda keçirilmiş tədbirdə səslənib.

Tədbiri giriş sözü ilə açan Xidmət rəisinin birinci müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyev bildirib ki, 28 il əvvəl 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yaddaşlarda qalacaq. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sonra Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov geniş məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycan xalqının minilliklərlə ölçülən zəngin və şərəfli tarixində həm qəhrəmanlıq, həm də faciə səhifələri bir-birini əvəz edib, nəsildən-nəslə qan yaddaşı və genlərlə ötürülüb. Tariximizin 20 Yanvar səhifəsinin unikallığı isə ondadır ki, o, eyni vaxtda, həm faciə, həm də qəhrəmanlıq nümunəsidir.

E.Nəsirov qeyd edib ki, 20 Yanvar faciəsinə aparan yol, əsasən, 2 amillə şərtlənmişdir: Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və SSRİ rəhbərliyinin ermənipərəst siyasəti; Azərbaycan rəhbərliyinin qətiyyətsiz və antimilli siyasəti, Azərbaycan Xalq Cəbhəsinin timsalında müxalifətin təxribatçı addımları.

Bakıya yeridilən qoşun hissələrinin qəddarlığından söhbət açan millət vəkili SSRİ rəhbərliyinin törətdiyi 20 Yanvar faciəsinə beynəlxalq birliyin, konkret olaraq ABŞ-ın laqeyid münasibətindən bəhs edib.

O,  diqqətə çatdırıb ki, 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi Ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapıb. Yanvarın 21-də - faciənin ertəsi günü Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, Mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. 

Tədbirdə vurğulanıb ki, 1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Naxçıvan Ali Məclisində qəbul edilmiş və 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verən, eyni zamanda, Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi respublika rəhbərliyindən tələb edilirdi. Ölkəmiz müstəqillik qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. Yalnız Ulu öndər Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinin əsl mahiyyəti açıqlandı və Milli Məclisinin iclasında bu hadisələrə siyasi-hüquqi qiymət verildi.

Tədbirdə əminlik ifadə edilib ki, Azərbaycan xalqının qanına əli batmış cinayətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar. Azərbaycanın bütün istiqamətlər üzrə güclənməsi, beynəlxalq mövqelərinin möhkəmlənməsi, dünyada etibarlı tərəfdaşa çevrilməsi, ən başlıcası isə ölkəmizdə siyasi sabitliyin olması və xalqın Prezident İlham Əliyevin ətrafında monolit birlik nümayiş etdirməsi həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini, həm də bu problemin birbaşa nəticəsi olan 20 Yanvar faciəsinə beynəlxalq siyasi-hüquqi qiymətin verilməsini təmin edəcəkdir.

Sonda tədbir iştirakçıları “Hüznlü ana” sənədli filminə baxıblar.

Qeyd edək ki, DMX-nin qəbul zalında 20 Yanvar hadisələrindən bəhs edən foto və kitab sərgisi təşkil edilib, monitorlarda faciə haqqında videomaterilların yayımı təmin olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur