Dövlət Miqrasiya Xidmətində Almaniyanın ölkəmizdəki səfiri ilə görüş olub
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab ilə onun xahişi əsasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati binasında görüş keçirib.
Görüşün keçirilməsində məqsəd Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında miqrasiya proseslərinin tənzimlənməsi sahəsində əməkdaşlığın mövcud vəziyyətinin, eləcə də Azərbaycanda yaşayan Almaniya vətəndaşlarının və müvafiq olaraq Almaniyada yaşayan Azərbaycan vətəndaşlarının miqrasiya sahəsində üzləşdikləri problemlərin müzakirəsi olub. Görüşdə mövcud ikitərəfli əməkdaşlıq çərçivəsində bu problemlərin həlli yollarına dair fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikanın əldə etdiyi nailiyyətlərdən, ölkəmizdə həyata keçirilən tədbirlərdən, aparılan islahatlardan danışılan görüşdə F.Nəbiyev DMX-nin fəaliyyət istiqamətləri haqqında ətraflı söhbət açıb. Bildirib ki, DMX dövlətin miqrasiya siyasətini, ölkə ərazisində müvəqqəti olan, habelə müvəqqəti və daimi yaşayan əcnəbilərin Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət etmələri üzərində miqrasiya sahəsinə nəzarəti həyata keçirir, mövcud qanunvericiliyin tələblərini pozmuş əcnəbilərin ölkə ərazisindən çıxarılması üçün müvafiq tədbirlər görür. O, Vahid miqrasiya məlumat sisteminin imkanlarından danışıb. Qurumun tərkibində Bakı və Yevlax şəhərlərində beynəlxalq standartlara cavab verən Qanunsuz Miqrantların Saxlanılması mərkəzlərinin fəaliyyət göstərdiyini deyib. Hazırda dünyada cərəyan edən qloballaşma fonunda Azərbaycanın regionda gedən miqrasiya proseslərinə təsir etmək, respublika ərazisinə olan miqrasiya axınlarını nəzarətdə saxlamaq və ölkə daxilində miqrasiya proseslərini yerli qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti yeritdiyini söyləyib.
Firudin Nəbiyev əlavə edib ki, Dövlət Miqrasiya Xidməti çoxtərəfli əməkdaşlıq fəaliyyətini Beynəlxalq Miqrasiya Təşkilatı, BMT QAK, Avropa İttifaqı, MDB, həmçinin Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz və digər beynəlxalq və regional qurumlarla inkişaf etdirməkdədir. Bununla yanşı DMX ikitərəfli münasibətlər əsasında bir sıra ölkələrlə qanuni miqrasiya, miqrasiyanın effektiv idarə olunması, readmissiya, könüllü qayıdış, miqrantların sosial müdafiəsi sahəsində əməkdaşlıq əlaqələrini genişləndirir, birgə layihələr həyata keçirir, eyni zamanda miqrasiya sahəsində qabaqcıl və innovativ xarakterli təcrübələri öyrənir və ölkəmizdə tətbiq edir.
Bir müddət əvvəl Xidmətin nümayəndə heyətinin Almaniyaya səfərinə və səfər çərçivəsində çox səmərəli görüşlərin keçirildiyinə diqqət çəkən DMX rəisi icrasına məsul səlahiyyətli milli qurum kimi Dövlət Miqrasiya Xidmətinin müəyyənləşdirildiyi “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin icrası zamanı müqabil tərəfin yol verdiyi pozuntularla bağlı məsələlərin müzakirə edildiyini bildirib. Xidmət rəisi ümidvar olduğunu deyib ki, hər iki ölkənin miqrasiya sahəsinə məsul olan dövlət qurumları arasında əməkdaşlığa dair ikitərəfli sazişin hazırlanması münasibətlərin dərinləşdirilməsinə təkan vermiş olacaq. Könüllü qayıdışın təşviqi istiqamətində ötən ilin dekabr ayının 1-dən Almaniya tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə də tətbiq olunacağı bildirilən “Dövlət Yardımı+“ adlı layihə çərçivəsində qayıdanlara müəyyən məbləğdə birdəfəlik vəsaitlərin verilməsinin mütərəqqi hal olduğunu qeyd edib.
Xidmət rəisinin rəhbərlik etdiyi nümayəndə heyətinin təmsil etdiyi ölkəyə baş tutmuş səfərindən məlumatlı olduğunu bildirən Səfir əldə etdiyi məlumatlara əsasən səfərin Almaniya ilə Azərbaycan arasında miqrasiya sahəsində əməkdaşlığın güclənməsi üçün önəmli töhfə olması qənaətinə gəldiyini qeyd edib. Miqrasiya məsələləri ilə əlaqədar Mərkəzdən mütəmadi olaraq DMX ilə əlaqədə olmaq barədə təlimat aldıqlarını vurğulayan Mixael Kindsqrab Almaniyaya səfər çərçivəsində keçirilmiş konstruktiv görüşlərə görə Federal Daxili İşlər Nazirliyinin Dövlət katibi Emili Haberin bir daha Xidmət rəisinə öz təşəkkürünü bildirdiyini DMX rəisinin diqqətinə çatdırıb.
Diplomatik münasibətlərinin qurulmasının 25 illiyinin qeyd edildiyi Azərbaycan və Almaniya arasında əlaqələrin tarixinə toxunan Xidmət rəisi Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 2017-ci ildə 200 illiyinin tamam olduğunu və Prezident İlham Əliyev tərəfindən bu hadisənin Azərbaycanın multikultural ənənələrə malik çoxəsrlik tolerantlıq məkanı kimi təbliğində böyük əhəmiyyətini nəzərə alaraq, Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200-cü ildönümünün layiqincə qeyd edilməsini təmin etmək məqsədi ilə 2016-cı ildə imzaladığı Sərəncamın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Azərbaycanda qorunub saxlanılan alman maddi irsi xalqlarımızın dostluq əlaqələrinin inkişafı baxımından möhkəm bünövrədir.
F.Nəbiyev bildirib ki, dünyanın bir çox ölkələrində islamofobiyanın, dini dözümsüzlüyün geniş vüsət aldığı bir vaxtda ölkəmiz qonaqpərvərliyi, təhlükəsizliyi, sabitliyi ilə seçilir. Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələri birgə dinc yanaşı yaşayırlar.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Xidmət rəisi bir daha xatırladıb ki, Azərbaycan torpaqlarının iyirmi faizinin Ermənistan tərəfindən işğalı nəticəsində islam dininə aid bütün tarixi abidələr, o cümlədən məscidlər, ziyarətgahlar dağıdılıb. Lakin ölkəmizin paytaxtında ermənilərə məxsus kilsə hələ də qalmaqdadır.
Mixael Kindsqrab Almaniyanın Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətlə yanaşdığını, mövcud status-kvonun dözülməz olduğunu qeyd edib, münaqişənin sülh yolu ilə müəyyən olunmuş beynəlxalq hüquq normaları çərçivəsində həllinin əsas hədəf olmasının vacibliyini vurğulayıb.
Firudin Nəbiyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bütün beynəlxalq təşkilatlar tərəfindən tanındığını, bu barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etdiyini diqqətə çatdırıb, qeyd olunan qətnamələrin tələblərinin Ermənistan tərəfindən yerinə yetirilməməsinə qarşı dünya birliyinin nümayiş etdirdiyi dözümlülüyün anlaşılan olmadığını bildirib.
Səfir ölkəmizdə, xüsusilə paytaxt Bakıda dinamik inkişafın şahidi olduğunu deyib. O, son illər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artdığını, ölkəmizdə nümunəvi multikultural və tolerant mühitin mövcud olduğunu bildirib. Mixael Kindsqrab ikitərəfli əlaqələrimizin inkişaf etdirilməsi məsələsində Almaniyanın da maraqlı olduğunu önə çəkib.
Qonaq səmimi görüşə görə təşəkkürünü bildirib.
Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.