newsPhoto

Şəmkirdə maarifləndirici konfrans keçirilib

Dövlət Miqrasiya Xidməti Gəncə regional miqrasiya idarəsinin xidmət ərazisi olan  Şəmkirdə “Qanunsuz miqrasiya hallarının qarşısının alınması, miqrantların hüquqlarının qorunması və vəzifələrinin yerinə yetirilməsi” mövzusunda konfrans təşkil edilib.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin səlahiyyətli əməkdaşları, rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, əcnəbi və vətəndaşlığı olmayan şəxslər, həmçinin bələdiyyələrin və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Tədbirdə “Qanunsuz miqrasiya hallarının qarşısının alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətlər və qanunvericiliyin tətbiqi zamanı qanunsuz miqrantların hüquq və vəzifələri” və “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində öz hüquq və vəzifələrini həyata keçirə bilmələri üçün Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən xidmətlər” mövzusunda məruzələr təqdim olunub.

Görüşdə Gəncə regional miqrasiya idarəsinin məsul əməkdaşları Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən faəliyyət istiqamətləri haqqında məlumat veriblər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, həmçinin onların ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, o cümlədən müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması kimi xidmətlər və xidmət yerləri barədə izahedici söhbət aparıblar.

Bildirilib ki, 2017-ci ilin 11 ayı ərzində 38020 nəfərə müvəqqəti, 2752 nəfərə daimi yaşama icazələri verilib.

Bununla yanaşı ölkəmizdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının qorunması ilə bağlı dövlətin həyata keçirdiyi siyasətin uğurlu nəticələri təhlil olunub.

Sonra Xidmət tərəfindən qanunsuz miqrasiyaya qarşı həyata keçirilmiş tədbirlər barədə söhbət açılıb.

Vətəndaşsızlıq hallarının aradan qaldırılması üçün il ərzində Dövlət Miqrasiya Xidmətinin həyata keçirdiyi kompleks layihələr barədə verilən məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tədbirdə, həmçinin Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın tələbləri geniş izah edilib.

Diqqətə çatdırılıb ki, 378-i vətəndaşlığı olmayan şəxs olmaqla 573 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib. 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Elə həmin gün Şəmkirdə DMX tərəfindən səyyar xidmət də həyata keçirilib. Müraciət edən 21 şəxsə səyyar xidmət göstərilib. Onlardan 2 nəfərə müvəqqəti yaşama icazəsi vəsiqəsi, 13 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi barədə arayışlar verilib, 6 nəfərin müxtəlif məzmunlu müraciətləri qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırılıb. 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur