Bakıda 18 dekabr-Beynәlxalq Miqrant Günü qeyd edilib
Dekabrın 18-də Beynәlxalq Miqrant Gününә hәsr edilmiş tәdbir keçirilib.
Tәdbirdә Dövlәt Miqrasiya Xidmәti (DMX) rәisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pәrviz Musayev, Beynәlxalq Miqrasiya Tәşkilatının (BMqT) Azәrbaycandakı nümayәndәliyinin rәhbәri Serhan Aktoprak, Ombudsman Elmira Süleymanova, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas vә digәrlәri çıxış edәrәk cәmiyyәtin diqqәtinin miqrantların problemlәrinә yönәldilmәsi vә mәlumatlandırılması baxımından Beynәlxalq Miqrant Gününün әhәmiyyәtindәn danışıblar.
Bildirilib ki, 1990-cı il dekabrın 18-dә BMT Baş Mәclisi tәrәfindәn “Bütün әmәkçi miqrantların vә onların ailә üzvlәrinin hüquqlarının müdafiәsi haqqında” Konvensiya qәbul edilib. Bu Konvensiya Azәrbaycan Respublikası Milli Mәclisinin 1998-ci il 11 dekabr tarixli qanunu ilә ratifikasiya olunub. 2000-ci ildәn etibarәn dekabrın 18-i dünyada Beynәlxalq Miqrant Günü kimi qeyd olunur.
Qeyd edilib ki, müasir dövrdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əməkçi miqrantların, o cümlədən qaçqınların hüquqlarının qorunması ən aktual və vacib məsələlərdən biridir. Dünyada baş verən miqrant böhranı zamanı miqrantların hüquqları pozulduğu halda, ölkəmizdə bu sahədə səmərəliliyin artırılması məqsədilə qanunvericilik bazası təkmilləşdirilir, onların müdafiəsi üçün zəruri şərait yaradılır və yerli şəraitə uyğunlaşdırılmaları üçün tədbirlər görülür.
Ölkəmizin sürətli inkişafı, sabitlik, həyata keçirilən layihələr, turizmin inkişaf etdirilməsi, habelə beynəlxalq əhəmiyyətli tədbirlərin, yarışların, forum və iclasların məhz Azərbaycanda yüksək səviyyədə təşkil edilməsi dünyanın diqqətini respublikamıza yönəldib. Bu səbəbdən ölkəmizə gələn əcnəbilərin sayı ildən-ilə artmaqdadır.
Məlumat verilib ki, 2017-ci ilin 11 ayı ərzində 38020 nəfərə müvəqqəti, 2752 nəfərə daimi yaşama icazələri verilib. 378-i vətəndaşlığı olmayan şəxs olmaqla 573 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib. 3 nəfər ərizəçiyə (ailə üzvləri ilə birlikdə 8 nəfər) qaçqın statusu verilib. Ümumilikdə, 67 şəxs qaçqın statusu ilə DMX-nın qeydiyyatındadır ki, onlardan 44 nəfər ərizəçi, 23 nəfər isə ərizəçinin ailə üzvləridir.
Diqqətə çatdırılıb ki, ötən il dünya liderləri BMT Baş Assambleyasının “Qaçqın və miqrantların böyük axının aradan qaldırılması” mövzusunda yüksək səviyyəli görüşü çərçivəsində “Qaçqın və miqrantlarla bağlı Nyu-York Bəyannaməsi”ni qəbul edərək, miqrant və qaçqınların müdafisəinə dair bir sıra yeni öhdəlikləri təsdiqləyiblər. Nyu-York Bəyannaməsinə əsasən miqrasiya üzrə qlobal səviyyədə aparıcı təşkilat kimi tanınmış BMqT təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya üzrə Qlabal Razılığa (Kompakta) dövlətlərin təcrübələrinin daxil edilməsində mühüm töhfələr verir. BMqT-nin Azərbaycandakı nümayəndəliyi də bu istiqamətdə təqdirəlayiq fəaliyyət həyata keçirir.
Bildirilib ki, ötən müddət ərzində ölkəmizdə miqrasiya sahəsində görülən işlər nəticəsində miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsi, sənədləşmənin sadələşdirilməsi, əcnəbilərin rahatlığının təmin edilməsi istiqamətində tədbirlər daha da genişləndirilib.
Vurğulanıb ki, Azәrbaycanda miqrantların vә insan hüquqlarının müdafiәsi prioritet mәsәlәdir. Miqrantlara vә qaçqınlara yaxşı münasibәtdә Azәrbaycan dünyadakı bütün ölkәlәrә nümunә ola bilәcәk miqrasiya idarәçiliyi modeli yaradıb.
Qeyd edilib ki, Azərbaycan hələ müstəqilliyinin ilk illərindən kütləvi miqrasiya axını ilə üzləşmiş ölkədir. Çünki, Ermәnistanın Azәrbaycan torpaqlarını işğal etmәsi nәticәsindә bir milyondan çox azәrbaycanlı qaçqın vә mәcburi köçkün vәziyyәtinә düşüb. Doğrudur, bu insanlar Azәrbaycan dövlәtinin qayğısı ilә әhatә olunublar. İşğal edilmiş ərazilər isə hazırda terrorçuların sığınacaq yerinə, narkotiklərin qanunsuz dövriyyəsi və tranizti, silah qaçaqmalçılığı, insan, o cümlədən uşaq alveri, insan orqanlarının transplantasiyası üçün əlverişli məkana çevrilib. Təəssüf ki, BMT TŞ-nın bu işğal faktı ilə bağlı 4 qətnaməsi icra edilməmiş qalır.
Sonra Azərbaycanda miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihənin təqdimatı olub. Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında “Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihənin həyata keçirilməsinə dair əməkdaşlıq Sazişi” 8 dekabr 2016-cı il tarixdə Cenevrədə BMqT-nin baş direktoru Uilyam Leysi Svinq və DMX-nın rəisi Firudin Nəbiyev tərəfindən imzalanıb. Saziş Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilib və 02 mart 2017-ci il tarixdə qüvvəyə minib.
Tәdbirdә “Layiqli qayıdış, evə dönmək üçün fürsət” videoçarxı nümayiş olunub.
Çıxışlardan sonra miqrantlar Azәrbaycandakı öz hәyat tәcrübәlәri ilә bağlı fikirlәrini bölüşüblәr.