newsPhoto

Dövlət İdarəçilik Akademiyasında növbəti qısamüddətli ixtisasartırma kursu "Miqrasiya proseslərinin dövlət tənzimlənməsi" istiqaməti üzrədir

Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Miqrasiya proseslərinin dövlət tənzimlənməsi" istiqamətində qısamüddətli ixtisasartırma kursunun açılışı olub.  

Miqrasiya proseslərinin idarəolunması və  bu istiqamətdə  aparılan dövlət  siyasətinin hüquq mühafizə və digər dövlət qurumlarında çalışan rəhbər əməkdaşlara çatdırılması, izahı  və şərh edilməsi məqsədilə təşkil edilmiş kursun açılş mərasimində Akademiyanın rektoru, akademik Urxan Ələkbərov çıxış edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə görülən uğurlu işlərdən danışıb, yüksək səviyyəli mütəxəsis hazırlığı, ayrı-ayrı mərkəzi və yerli icra hakimiyyəti orqanları əməkdaşlarının ixtisaslarının artırılması, peşə bacarıqlarının təkmilləşdirilməsi üçün atılan addımlara toxunub. Dövlət Miqrasiya Xidməti ilə sıx əməkdaşlığın daha bir nümunəsi kimi "Miqrasiya proseslərinin dövlət tənzimlənməsi" mövzusunda təşkil edilmiş ixtisasartırma kursunun müəyyən edilmiş strategiyaya uyğun olaraq  səmərəli nəticələr  verəcəyinə əminliyini ifadə edib.

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya  siyasəti  və hüquqi təminat baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vahid Qəhrəmanov respublikada miqrasiya sahəsinə aid islahatların aktual problemləri, miqrasiya sahəsində qanunvericilik, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, insan hüquqları konsepsiyası və digər məsələlərlə bağlı biliklərin sistemləşdirilməsi baxımından təşkil edilmiş ixtisasartırma kursunun əhəmiyyətinə diqqət çəkib.

Bildirilib ki, Xidmətin Kadrlar və kadr hazırlığı  idarəsi ilə Dövlət İdarəçilik Akademiyasının səmərəli əməkdaşlığının davamı olaraq təşkil edilmiş kursa 12 nazirlik, komitə, dövlət xidməti, agentlik və ali dövlət hakimiyyəti orqanının 30 əməkdaşı cəlb edilib.

İxtisasartırma kursunda DMX-nın səlahiyyətli əməkdaşları “Azərbaycanda miqrasiya prosesləri və bu proseslərə dövlət nəzarəti”, “Miqrasiya orqanlarında hüquqi təminat işinin təşkili”, “Qaçqın statusu ilə bağlı müraciətlərə baxılması qaydaları”, “Əmək miqrasiyası üzrə dövlət siyasətinin həyata keçirilməsi və tənzimlənməsi”, “Miqrasiya uçotunun aparılması və bu sahədə əldə olunan nəticələr” və s. mövzularda mühazirələr oxuyacaqlar.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur