newsPhoto

Dövlət Miqrasiya Xidmətində Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib 

Xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi yaşayan, müasir dövlətçilik tariximizdə əbədi iz qoyan, dünya miqyaslı siyasətçi, Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Dövlət Miqrasiya Xidmətində (DMX) ehtiramla yad edilib.

Tədbir iştirakçıları əvvəlcə Xidmətdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət ediblər. Azərbaycan xalqının Ümummilli liderinin Muzeydəki büstünün önünə əklil qoyulub.

DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev bildirib ki, Ulu Öndərin bütün həyatı doğulduğu torpağa, mənsub olduğu xalqa xidmət nümunəsidir. Böyük siyasi xadim, zəngin biliyə, geniş dünyagörüşünə, yüksək intellektə malik, vətənpərvər şəxsiyyət olan Ulu öndər Heydər Əliyev elə bir inkişaf və sabitlik yolu müəyyən etdi ki, xalqımız bu gün də həmin yolla uğurla irəliləyir. 1993-cü ildə respublikanın çətin dövründə xalqın təkidli tələbi ilə ölkədə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev respublikamızı məhv olmaq təhlükəsindən xilas edib. O, canından artıq sevdiyi Azərbaycanın inkişaf və tərəqqisi, dünya dövlətləri sırasına çıxması üçün çox böyük fədakarlıq göstərib, ölkəmizdə əmin-amanlıq və sabitliyin bünövrəsini qoyub.

Xidmət rəisi qeyd edib ki, görkəmli siyasi xadim Heydər Əliyev həmin dövrün bütün incəliklərini nəzərə alaraq mükəmməl neft strategiyasını hazırladı. Ümummilli Liderin apardığı uğurlu neft strategiyası, siyasi və iqtisadi islahatlar nəticəsində Bakıda "Əsrin müqaviləsi" imzalandı. Ulu Öndərin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrildi. Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyev bütün sahələrdə həyata keçirdiyi uğurlu islahat proqramları ilə Heydər Əliyevin siyasi kursunu daha da zənginləşdirir. Azərbaycan bütün sahələrdə böyük və əhəmiyyətli layihələrə imza atır.

Sonra akt zalında davam etdirilən mərasimin iştirakçıları əvvəlcə Ümummilli Liderin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Mərasimdə “Tarix yaradan insan” mövzusunda məruzə təqdim olunub.

Bildirilib ki, dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir. Vurğulanıb ki, müasir Azərbaycanın tarixi və taleyi məhz tarix yaradan dahi rəhbərin adı ilə qırılmaz tellərlə bağlıdır.

Tədbirdə Ümummilli Liderin xalq, Vətən, dövlət və dövlətçilik uğrunda əvəzsiz xidmətlərindən bəhs edilib. Qətiyyəti ilə heyranlıq doğuran, yenilməz iradə sahibi, Azərbaycan xalqının müdrik oğlu Heydər Əliyevin gənc, müstəqil dövlətimizi labüd fəlakətlərdən qurtardığı konkret faktlarla bir daha diqqətə çatdırılıb.

Sonda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Əbədiyyət” sənədli filmi nümayiş olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur