Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Qəbələ regional “ASAN xidmət” mərkəzində görüş keçiriblər
Dövlət Miqrasiya Xidmətinin Şəki regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Qəbələ şəhərində fəaliyyət göstərən regional “ASAN xidmət” mərkəzində mərkəzin işçilərinin və ASAN Könüllülərinin iştirakı ilə görüş keçirilib.
Tədbir iştirakçılarına 2007-ci ildə yaradılmış DMX-nin fəaliyyəti, qurumun funksiyaları, əcnəbilərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları, işə cəlb olunma qaydaları, DMX-nın elektron və onlayn xidmətləri barədə geniş məlumat verilib.
Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə yaradılmış və Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzlərində də Xidmət tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin respublikamızda müvəqqəti, həmçinin daimi yaşama icazələrinin alınması və müddətlərinin uzadılması, onların əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələrinin alınması, o cümlədən şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi kimi bir neçə xidmət növü təqdim olunur.
Qeyd olunub ki, 2013-cü ildən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, o cümlədən Azərbaycan vətəndaşlarının cərimə və rüsumlarının real vaxt rejimində elektron formada ödənilməsi Xidmət tərəfindən təmin edilib. Keçən il isə sərhəd buraxılış məntəqələrində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidinin təmin edilməsi, o cümlədən onlar tərəfindən həm maddi, həm də vaxt itkisinin qarşısının alınması məqsədilə Xidmət tərəfindən inzibati cərimə tətbiq olunan şəxslərin “ASANPAY” ödəniş sistemi vasitəsilə ödəməni həyata keçirdikdən sonra ölkədən maneəsiz çıxışının dərhal təmin edilməsi təşkil olunub.
Xidmətin təqdim etdiyi və “Elektron hökumət” portalına qoşulmuş 11 elektron xidmətdən istifadə qaydaları izahlı video təlimat vasitəsi ilə əyani şəkildə nümayiş olunub. Elektron xidmətlərin yaratdığı imkanlar sayəsində vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin artıq həm də elektron qaydada qəbulunun həyata keçirildiyi bir daha diqqətə çatdırılıb.
Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.