newsPhoto

Berlində Azərbaycanla Almaniya arasında miqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib 

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin başçılıq etdiyi nümayəndə heyətinin Almaniya Federativ Respublikasının Federal Daxili İşlər Nazirliyinin Dövlət katibi xanım Emily Haberlə, o cümlədən Federal Daxili İşlər Nazirliyinin  Miqrasiya idarəsinin direktoru cənab Norbert Seitzlə görüşlərində  iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu qeyd edilib. Tərəflər vurğulayıb ki, investisiyaların təşviqi, vergi, maliyyə, gömrük, ədliyyə, kadrların ixtisaslaşdırılması, elmi və texniki, ekoloji, mədəniyyət sahələrində mövcud əməkdaşlığın səviyyəsi miqrasiya sahəsində də əməkdaşlığın genişləndirilməsini zəruri edir.

Görüşdə Xidmət rəisinin son illər ölkəmizdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması və həmin mərkəzlərdə DMX tərəfindən bir neçə xidmət növünün  təqdim olunması, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər, yeni nəqliyyat dəhlizlərinin yaradılması barədə ətraflı məlumatı maraqla qarşılanıb. Bütün bu kimi görülən işlərin, eyni zamanda ölkədə viza sisteminin sadələşdirilməsinin, belə ki, 3 saat ərzində turist vizasının alınmasının mümkün olmasının Azərbaycanın turizm imkanlarını genişləndirdiyi səsləndirilib və hazırda respublikaya böyük turist axının qeydə alındığı konkret faktlarla diqqətə çatdırılıb. Artıq bir neçə ildir ki, miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin rahatlıqlarının təmin edilməsi işinə böyük töhfə kimi qiymətləndirilib.

Xidmət rəisi, həmçinin miqrasiya məsələlərinin tənzimlənməsi və miqrantların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi və xüsusən beynəlxalq təcrübə öyrənilməklə hazırlanan və 2013-cü il avqustun 1-dən qüvvədə olan Miqrasiya Məcəlləsinin əhəmiyyətinə toxunub. Bildirib ki, məcəlləyə görə miqrantlar öz arzuları ilə Azərbaycan dilini, tarixini, mədəniyyətini, öz hüquq və vəzifələri ilə bağlı qanunvericiliyi öyrənmək üçün Dövlət Miqrasiya Xidmətinin Təlim-Tədris Mərkəzinə müraciət edə bilərlər. Hazırda bununla bağlı Xidmət tərəfindən ödənişsiz olaraq təlim kursları  təşkil edilib və  görülən işlər əcnəbilər tərəfindən böyük məmnunluq hissi ilə qarşılanır.

F.Nəbiyev söyləyib ki, Xidmət tərəfindən ötən müddət ərzində görülən işlərin nəticəsində ölkəmizdə  qanunsuz miqrantların sayı minimuma enib. Qanunsuz miqrasiya ilə mübarizə məqsədilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəyə giriş və çıxışlarının monitorinqi aparılır, ölkəyə qanuni əsaslarla gələn əcnəbilərin qanunsuz miqranta çevrilməsinin qarşısını almaq məqsədilə onlar leqallaşdırılır, həmçinin miqrasiya qanunvericiliyi sahəsində məlumatlandırma məqsədilə mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir.

Xidmət rəisi xüsusi olaraq vurğulayıb ki, Azərbaycan insan hüquqları sahəsində əsas beynəlxalq hüquqi sənədlərə qoşulub və ölkəmizdə  bu sahədə görülən işlərin nəticəsində  insan hüquqlarının, o cümlədən miqrantların hüquqlarının müdafiəsi beynəlxalq təşkilatlar tərəfindən  yüksək qiymətləndirilir.  Lakin Azərbaycanda insan hüquqlarının yüksək səviyyədə qorunmasına baxmayaraq, hələ müstəqilliyinin ilk illərindən, yəni keçən əsrin 90-cı illərinin əvvəllərindən miqrasiya problemləri ilə üzləşmiş ölkəmizdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox insan məcburi qaçıqn və köçkünə çevrilib, onların bütün hüquqları Ermənistan tərəfindən pozulub. Hətta bu hadisə ilə bağlı 16 iyun 2015-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarını elan etsə də işğalçı ölkə heç nəyə məhəl qoymur. Xidmət rəisi münaqişənin həllinin  beynəlxalq hüquq norma və prinsipləri əsasında öz həllini tapmamasının və bu qədər insanın Ermənistan tərəfindən pozulmuş hüquqlarının bərpa edilməməsinin acı təəssüf doğurduğunu deyib. Məlumat verib ki, Azərbaycan Prezidentinin birbaşa qayğısı ilə qaçqın və məcburi köçkünlər üçün ölkədə normal şərait yaradılır. Amma işğalçı ölkə onların öz evlərinə təhlükəsiz və ləyaqətli qayıdışlarının təmin edilməsinə imkan vermir.

O, Azərbaycan Hökumətinin qaçqın və sığınacaq məsələləri ilə bağlı BMT QAK, miqrantların hüquqlarının qorunması ilə bağlı  BMqT-nin Azərbaycan­da­kı Nümayəndəliyi ilə sıx əməkdaşlıq etdiyini də bildirib.

Almaniya Federativ Respublikası ilə miqrasiya məsələləri ilə bağlı istər qanuni miqrasiya, istərsə də qanunsuz miqrasiya sahəsindəki əməkdaşlığın perspektivlərinə böyük inam ifadə olunub.  Bununla yanaşı Avropa İttifaqı ilə 2014-cü ildən qüvvəyə minmiş readmissiya sazişindən sonra, Almaniya tərəfindən Azərbaycan vətəndaşlarının ölkəmizə readmissiyası zamanı bəzi pozuntular, məsələn sorğu doldurulmadan readmissiya müraciətinin göndərilməsi, şəxslərin bildirişsiz göndərilməsi, səhvən sürətləndirilmiş readmissiyanın tətbiqi, ailənin üzvlərinin ayrı-ayrı vaxtlarda göndərilməsi və s. hallar müəyyən olunub.  Bildirilib ki, bu məsələlər Birgə Readmissiya Komitəsinin 2016-cı ildə  Brüssel şəhərində və 2017-ci ildə  Bakı şəhərində keçirilmiş iclasları zamanı, o cümlədən Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) vasitəsilə Azərbaycan nümayəndə heyəti tərəfindən qarşı tərəfin diqqətinə çatdırılmışdır.

Sonra Azərbaycan nümayəndə heyəti Almaniya Federativ Respublikasının Federal Xarici İşlər Ofisinin Şərqi Asiya, Qafqaz və Mərkəzi Asiya üzrə dirketoru cənab Andreas Peske ilə görüşüb.

Ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq haqqında geniş söhbət açılan görüşdə təəssüf hissi ilə bildirilib ki, dünyada 65 milyondan artıq insan qaçqın və məcburi köçkün həyatı yaşadığı halda, 2017-ci il ərzində dünyadakı münaqişələr nəticəsində daha iki milyon insan öz ev-eşiyini tərk edərək qaçqına çevrilib. Belə ki, Myanma, Suriya, İraq və ya Sudan kimi ölkələrdəki münaqişə və hərbi təcavüzlə yanaşı, təbii fəlakətlər də dünyanın müxtəlif bölgələrində qaçqınların sayının artmasına səbəb olub. Dünyada ekstremizm və terrorizm kimi təhlükələrlə yanaşı, ksenofob yanaşmalar  qaçqınların ağır vəziyyətinə böyük zərbə vurub. Misal üçün, Myanmada dövlət tərəfindən onilliklərdən bəri Rohinca müsəlmanlarına vətəndaşlıq hüququnun verilməməsi qeyd edilib. Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev bildirib ki, “bu xüsusda, miqrantları qəbul edən ölkələrdə islamofobiya meyllərinin artması və islam dininin zorakılıq və terrorçuluqla eyniləşdirilməsi cəhdləri ilə bağlı biz öz dərin narahatlığımızı ifadə etmək istərdik”.

F.Nəbiyev əlavə edib ki, son illər Azərbaycan  miqrasiya baxımından mənşə ölkəsindən tranzit və təyinat ölkəsinə çevrilib. Azərbaycan Respublikasının miqrantların hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə bir sıra ölkələrlə ikitərəfli və çoxtərəfli sazişlər, o cümlədən readmissiya sazişləri imzaladığına toxunan Xidmət rəisi ümumiyyətlə, ölkəmizin  miqrasiya sahəsində ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu söyləyib.

Görüşdə əminlik ifadə olunub ki, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişi çərçivəsində Almaniya ilə İcra Protokolunun qısa müddətdə razılaşdırılması və imzalanması miqrasiya sahəsində əməkdaşlığımızın növbəti mərhələsinə keçid olacaq və daha sıx əməkdaşlıq etməyə yardımçı olacaqdır.

Görüşlərin sonunda tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur