Azərbaycanda əcnəbi uşaqların hüquqları yüksək səviyyədə qorunur
Bu fikir 20 noyabr “Ümumdünya uşaq hüquqları günü” ilə əlaqədar 20 oktyabr – 20 noyabr tarixlərində elan olunan “Uşaq hüquqları aylığı” çərçivəsində Azərbaycanda qaçqın statusu almış ailələrdə böyüyən uşaqların və valideynlərinin iştirakı ilə Dövlət Miqrasiya Xidmətində artıq bir neçə ildir ki, ənənəvi olaraq keçirilən tədbirdə vurğulanıb. Qeyd edilib ki, bu il həm də 1989-cu il noyabrın 20-də qəbul edilən BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiya edilməsinin 25-ci ildönümüdür.
Xidmətin Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində təşkil edilmiş tədbirdə Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın əhəmiyyətindən danışılıb. BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının müddəalarını özündə əks etdirən və 1999-cu ildə qəbul edilmiş “Azərbaycan Respublikasının uşaq hüquqları haqqında” Qanunun mütərəqqiliyi diqqətə çatdırılıb. Bütün bunlar Azərbaycan dövlətinin uşaq hüquqları mövzusuna verdiyi önəmin bariz nümunəsi kimi qiymətləndirilib. Vurğulanıb ki, bu gün Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik konsepsiyasının bütün atributları Prezident İlham Əliyevin rəhbərliyi altında öz real təsdiqini tapmaqla, Azərbaycan hüquqi dövlət ideyasının reallaşdığı, intellektual mühitin formalaşdığı sosial rifah məkanına çevrilib.
Azərbaycan Respublikasının birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın yorulmaz əməyi sayəsində uşaqlarla bağlı vacib sahələri əhatə edən çoxsaylı layihələrin nəinki respublikamızda, hətta xarici ölkələrdə belə uğurla icra edilməsindən söhbət açılıb.
Görüşdə əcnəbi uşaqların yerli şəraitə uyğunlaşdırılmaları, təhsilləri, sosial vəziyyətləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Mərkəzin yeməkxanasında bayram süfrəsi arxasında davam etdirilən tədbirdə uşaqlara hədiyyələr təqdim olunub.
Tədbir iştirakçısı olan uşaqlar adından Fatimə Həssəni və valideyinlər bu diqqətə, uşaqlarının əmin-amanlığının, sevincinin təmin olunmasına yönəldilmiş fəaliyyətin möhkəmləndirilməsinə xidmət edən belə tədbirlərin təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.
Bununla yanaşı Dövlət Miqrasiya Xidməti tərəfindən Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində 400 nəfərin iştirakı ilə keçirilmiş “Açıq qapı günü”ndə və Dövlət İmtahan Mərkəzinin Göyçay regional bölməsinin inzibati binasında Göyçay, Ağsu, Kürdəmir, Qobustan, Şamaxı, İsmayıllı, Ucar, Ağdaş və Zərdab rayonlarının təhsil şöbələrinin rəhbər və əlaqələndirici nümayəndələrinin, metodistlərin, məktəb direktorlarının, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, həmçinin Xidmətin internet səhifəsində yerləşdirilmiş elan vasitəsi ilə məlumat alaraq müraciət edənlərin iştirakı ilə hüquqi maarifləndirmə seminarında da uşaq hüquqlarına dair izahedici söhbət aparılıb.