newsPhoto

Dövlət Miqrasiya Xidməti Sumqayıtda “Açıq qapı günü” və hüquqi maarifləndirmə tədbiri keçirib

Dövlət Miqrasiya Xidməti oktyabrın 25-də Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, işəgötürənlərin, sahibkarların, həmçinin Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün “Açıq qapı günü” keçirib.

Xidmətin baş idarə rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vahid Qəhrəmanovun, DMX yanında İctimai Şura üzvlərinin və DMX-nin digər səlahiyyətli əməkdaşlarının iştirakı ilə təşkil edilən “Açıq qapı günü” - vətəndaş forumu “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nına uyğun olaraq həyata keçirilib. Milli Fəaliyyət Planında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, ictimaiyyətlə sıx əlaqələrin qurulması və ictimai iştirakçılığın genişləndirilməsi ilə bağlı bir sıra prinsiplər yer alıb. Dövlət Miqrasiya Xidməti də bu prinsiplərdən irəli gələrək belə tədbirlərin təşkilini davam etdirir.

“Açıq qapı günü”nün məqsədi ictimaiyyət, eləcə də KİV nümayəndələrini Xidmətin fəaliyyəti və göstərdiyi müasir xidmətlər ilə yaxından tanış etməkdir.

Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ölkəmizdə miqrasiya proseslərinin tənzimlənməsi, idarə olunması sahəsində “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirir. DMX-nin fəaliyyət sferasına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, vətəndaşlıq məsələləri, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, qaçqın statusunun müəyyənləşdirilməsi və s. kimi məsələlər daxildir. Xidmətin aparatında, istərsə də regional miqrasiya idarələrində vətəndaşlara rahat, operativ və şəffaf xidmət üçün ardıcıl tədbirlər həyata keçirilir. “Açıq qapı günü”ndə DMX-nin elektron və onlayn xidmətləri barədə geniş məlumat verilib. “Elektron hökumət” portalına qoşulmuş qurumun istifadəyə verdiyi 11 elektron xidmətdən istifadə qaydaları və faydaları əyani şəkildə izah olunub, bununla bağlı verilən suallar cavablandırılıb. Tədbirdə vurğulanıb ki, elektron xidmətlərin yaratdığı imkanlar sayəsində, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətləri artıq həm də elektron qaydada qəbul edilir.

Məlumat verilib ki, gördüyü işlər barədə ictimaiyyəti yaxından tanış etmək, öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmək məqsədilə fəaliyyət göstərən Dövlət Miqrasiya Xidmətinin www.migration.gov.az rəsmi saytı tamamilə yenilənib, həm funksionallıq, həm dizayn baxımından müasirləşdirilib, zamanın tələbinə uyğunlaşdırılıb.  Həmçinin Dövlət Miqrasiya Xidmətinin Azərbaycan, rus və ingilis dillərində dərc edilən “Miqrasiya” jurnalının nəşri mütəmadi olaraq təşkil olunur. Jurnalda Azərbaycanın miqrasiya tarixi, miqrasiya siyasəti, miqrasiya proseslərinin tənzimlənməsi mövzularına, miqrasiya prosedur qaydalarına geniş yer verilir.

Ölkənin sərhəd nəzarət buraxılış məntəqələrindən keçərək ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məlumatlandırılması məqsədilə onlara elə sərhəddəcə Azərbaycan, rus və ingilis dillərində olan müvafiq yaddaş vərəqəsi verilir.

Bildirilib ki, Xidmətdə informasiya-kommunikasiya texnologiyaları strategiyasının icrası və inkişafı, yeni hesabat altsistemi proqram təminatının hazırlanması, informasiya sistemlərinin yaradılması məqsədilə kompleks tədbirlər həyata keçirilir. Belə ki, Azərbaycan Prezidentinin 2009-cu il 6 fevral tarixli  Sərəncamına əsasən fəaliyyəti təmin edilən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) bu gün ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verir. Həmçinin, VMMS-nin “Giriş-Çıxış və Qeydiyat” İdarələrarası Avtomatlaşdırılmış Məlumat-Axtarış Sisteminə və Əhalinin Dövlət Reyestrinə inteqrasiyası təmin olunub. Eyni zamanda, DMX-də virtual informasiya təhlükəsizliyinə, o cümlədən istifadə olunan informasiya sistemləri, internet resursları, elektron xidmətlər və kompüter şəbəkələrinin təhlükəsizliyinə ciddi nəzarət həyata keçirilir.

Tədbirdə nəzərə çatdırılıb ki, dövlətin qayğısının nəticəsidir ki, istər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, istər Naxçıvan Muxtar Resbulikası Dövlət Miqrasiya Xidməti, istərsə də 8 regional miqrasiya idarəsi üçün müasir inzibati binalar istifadəyə verilib və fəaliyyət göstərir. Həmin binalar müasir tələblərə tam cavab verir və binalarda yüksək səviyyədə xidmət şəraiti yaradılıb. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, həmçinin vətəndaşların qəbulu şöbələri müasir avadanlıq və zəruri vasitələrlə təchiz olunub. Qurumun hər bir regional idarəsində miqrasiya məsələləri ilə bağlı informasiya və hüquqi maarifləndirmə guşələri yaradılıb. Bu da ictimai maariflənmənin təmin olunmasına, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eləcə də əhalinin bu sahədə hüquqi biliklərinin artırılmasına xidmət edir.

Bir məqama xüsusi diqqət çəkilib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizə gəlişinin məqsədi ilə vizada göstərilən məqsədləri uyğun olmalıdır. Çünki Miqrasiya Məcəlləsinin 24.5-ci maddəsinə əsasən adi kateqoriyalı giriş vizaları – işgüzar, elm, təhsil, əmək, turizm, mədəniyyət, idman, humanitar, müalicə və şəxsi səfər məqsədləri ilə Azərbaycana gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir. Həmin Məcəllənin 24.7-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizada göstərilən qalma müddəti ərzində və məqsədlə ölkə ərazisində qala bilərlər. Azərbaycan Respublikası ərazisində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları və  vəzifələri Miqrasiya Məcəlləsi ilə müəyyən olunur və Məcəllənin 76.3-cü maddəsinə əsasən  Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərinə riayət etməlidirlər.

“Açıq qapı günü”ndə məlumat verilib ki, 2017-ci ilin doqquz ayı ərzində Bakı şəhərində, həmçinin respublikanın digər  şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 17076 qərar qəbul edilib ki, onlardan 1930-u ölkə ərazisində yaşamaları leqallaşdırılma ilə, 9122-si ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə, 5052-si ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə, 785-i Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən (şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda) ölkə ərazisinə gəlişini məhdudlaşdırma ilə, 187-si müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması ilə bağlı olub.

Ümumiyyətlə, 2017-ci ilin 9 ayı ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 66 min 828 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

2017-ci ilin 9 ayı ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 633 min 827 əcnəbi və vətəndaşlığı olmayan şəxsin  müraciəti qeydə alınıb.

Dövlət Miqrasiya Xidmətinin 3 dildə - Azərbaycan, ingilis, rus dillərində fəaliyyət göstərən Çağrı Mərkəzinin (919) də fəalyyəti yenidən qurulub, texniki imkanları genişləndirilməklə xidmətin keyfiyyəti yüksəldilib, o cümlədən dövlət orqanında qanunçuluğun təmin edilməsi, müraciətlərin obyektiv araşdırılması və cavablandırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə Nazırlər Kabinetinin 2015-ci il 25 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın tələblərinə uyğunlaşdırılıb. Təkcə bu ilin 9 ayı ərzində DMX-nin “ Çağrı mərkəzi”nə 79 min 614 zəng  daxil olub.

Həmçinin cari ilin 9 ayında Dövlət Miqrasiya Xidməti tərəfindən ölkəmizin müxtəlif regionlarında 52 maarifləndirmə tədbiri keçirilib və səyyar xidmət təşkil edilib.

Qeyd edildiyi kimi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, vətəndaşlar, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar və digər maraqlı tərəflər üçün miqrasiya prosesləri ilə əlaqədar DMX tərəfindən artıq ənənə halını almış hüquqi maarifləndirici tədbirlərin təşkilində məqsəd, olduğu yer üzrə qeydiyyat, vətəndaşsızlığın aradan qaldırılması, qanunsuz miqrasiyaya qarşı mübarizə, əcnəbilərin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi prosedurları, miqrasiya qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklərlə bağlı ictimai maariflənmənin təmin olunmasıdır.

Görüşün sonunda verilən suallar cavablandırılıb və təqdimatla bağlı fikir mübadiləsi aparılıb.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov iştirak edib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur