newsPhoto

Dövlət Miqrasiya Xidmətində 2017-ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş  xidməti müşavirə keçirilib

Dövlət Miqrasiya Xidmətində (DMX) 2017-ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş  xidməti müşavirə keçirilib. 

Xidmətin struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib. Xidmət rəisi bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə çoxmillətli və çoxkonfessiyalı ölkəmizin bütün bölgələrində sakinlər və biznes dairələri üçün maksimum imkanların yaradılması məqsədilə nəhəng infrastruktur və inkişaf layihələri həyata keçirilir. Hazırda təkcə paytaxtımız yox regionlar çox uğurla inkişaf edir. İqtisadiyyatımızın şaxələndirilməsi əsasən regional infrastrukturun yaradılması və regional inkişafın təmin olunması sayəsində mümkün olub. Cənab İlham Əliyev prezidentlik müddətinin əvvəlində - 2004-cü ildə demişdir ki, “biz qara qızılı insan kapitalına çevirməliyik”. Azərbaycan hökuməti o vaxtdan təhsil və səhiyyə infrastrukturuna böyük sərmayə yatırıb. Qaçqınların və məcburi köçkünlərin yerləşdirilməsi sahəsində müvafiq işlər görülüb, 100-ə yaxın qəsəbə salınıb, onların 250 min nəfəri yeni ev və mənzillərlə təmin olunub və bu proses davam etməkdədir. 

Firudin Nəbiyev keçən il Azərbaycanda “Multikulturalizm İli” və bu il “İslam Həmrəyliyi ili” elan edilməsinin əhəmiyyətindən danışıb.   Bildirib ki, bütün etnik və dini qrupların nümayəndələri Azərbaycanda sülh şəraitində, bir ailə kimi yaşayır və bu, ölkəmizin uğurlu inkişafıının vacib elementidir. Sabitliyin, tolerantlığın hökm sürdüyü respublikamızda indiyə kimi miqrantlara münasibətdə heç bir hüquq pozuntusu qeydə alnmayıb.

Xidmət rəisi qeyd edib ki, ölkəmiz üçün ötən 9 ayın ən əlamətdar hadisəsindən biri odur ki, Davos İqtisadi Forumunun son dəfə dərc etdiyi iqtisadiyyatın rəqabət qabiliyyəti üzrə yeni hesabatda Azərbaycan iqtisadiyyatın qlobal rəqabət qabiliyyəti indeksində 35-ci yerdə qərarlaşıb. Axırıncı dəfə ölkəmiz bu siyahıda 37-ci yerdə idi, indi isə 35-ci yerdə. Azərbaycan bu göstərici üzrə MDB ölkələri arasında birincidir və 140 ölkə arasında 35-ci olmaq həqiqətən də böyük uğurdur.

Daha bir əlamətdar hadisə - bu yaxınlarda aparıcı beynəlxalq enerji şirkətlərinin konsorsiumu ilə yeni meqaneft müqaviləsinin imzalanmasıdır. Bu müqavilə Azərbaycana nəhəng neft yataqlarının 2050-ci ilə qədər işlənməsinə imkan verəcək. Sabit neft istehsalat profilini saxlamaq üçün on milyardlarla əlavə investisiya yatırılacaq.

Xidmət rəisi vurğulayıb ki, ölkəmizin iştirakı ilə beynəlxalq nəqliyyat dəhlizinin yaradılması işi də bu gün uğurla davam etdirilir ki, bu da ölkəmizə qeyri-neft sektorundan gələcəkdə daha çox mənfəət qazanmaq imkanı verəcəkdir. Bundan əlavə Azərbaycan həm də turizm ölkəzi kimi kifayət qədər böyük potensialını qısa vaxtda təqdim edə bilib.

Bütün bu layihələr ölkəyə gələn əcnəbilərin sayında və bununla əlaqdar xidmətin keyfiyyətində özünü göstərir. Ona görə də DMX indiyə qədər olduğu kimi, fəaliyyətini bu sürətli prosesə uyğun davam etdirməlidir.

F.Nəbiyev məlumat verib ki, 2017-ci ilin 9 ayı ərzində 2 072 076 halda 1 243 346 nəfər əcnəbinin Azərbaycan Respublikasının ərazisinə girişi, 2 077 544 halda isə 1 241 005 nəfər əcnəbinin ölkədən çıxışı qeydə alınıb.

Diqqətə çatdırılıb ki, 9 ay ərzində ölkədə qalma müddətinə müvafiq olaraq 633 min 827  əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınmaqla bağlı müraciət edib.

Bu ilin doqquz ayında Bakı şəhərində, həmçinin respublikanın digər  şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərini pozulması ilə bağlı 17076 qərar qəbul edilib.

Hesabat dövründə Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikası ərazisində olma və yaşama icazələrinin alınması, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müəyyənləşdirilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 66 min 828 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərar qəbul edilib.

2017-ci ilin doqquz ayı ərzində Xidmətin Çağrı mərkəzinə 79 min 614 zəng daxil olub.

F.Nəbiyev  xüsusi vurğulayıb ki, Xidmətin əldə etdiyi nailiyyətlər Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsində  mümkün olub. Belə ki, istər Xidmət əməkdaşlarının sosial şəraitlərinin yaxşılaşdırılması, orden, medal, fəxri adlarla təltif edilmələri, ali xüsusi rütbələrin verilməsi, istər xidmətin keyfiyyətinin yüksəldilməsi üçün maddi texniki imkanların genişləndirilməsi şəxsi heyətdə böyük ruh yüksəkliyi yaradıb.

Xidmət rəisi Nazirlər Kabinetinin 2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham  Əliyevin verdiyi konkret göstərişləri xatırladıb. Bildirib ki, qarşıya qoyulmuş vəzifələrin vaxtında və düzgün icra edilməsi üçün hər bir miqrasiya əməkdaşı fəaliyyətini yüksək peşəkarlıqla, ciddi tələbkarlıq şəraitində yerinə yetirməlidir. Çünki, Prezident İlham Əliyevin  Xidmətin qarşısında qoyduğu vəzifələrdən biri də odur ki, “Biz miqrasiya siyasətimizi daha da gücləndirməliyik, çox ciddi sistem yaratmalıyıq. Hər bir gələn xarici vətəndaş qeydiyyatdan keçməlidir. Qanunsuz bir adam da burada işləməməlidir. Biz istənilən anda bilməliyik ki, hansı xarici vətəndaş hansı gündə haradadır və nə ilə, hansı işlə məşğuldur”.

Sonra struktur bölmə rəhbərlərinin məruzələri dinlənilib.

Müşavirəyə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev yekun vurub. Xidmət rəisi əminlik ifadə edib ki, “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən DMX-nın müraciət edənlərin məmnunluğunun təmin edilməsi, dövlətimizin təhlükəsizliyi, daxili əmək bazarının qorunması, miqrasiya proseslərinin tənzimlənməsi kimi vəzifə və tapşırıqların bundan sonra da  müvəffəqiyyətlə yerinə yetirməsi üçün miqrasiya orqanlarında xidmət aparan əməkdaşlar daha böyük səylə çalışacaqlar.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur