newsPhoto

“Azərbaycan Respublikasının  vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Dövlət Miqrasiya Xidməti tərəfindən Astara rayonunun Hamuşam kənd orta məktəbində əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, inzibati ərazi dairələri üzrə nümayəndələrin, qonşu kəndlərin də sakinlərinin, həmçinin müəllim və şagirdlərin iştirakı  ilə “Azərbaycan Respublikasının  vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib. 

Əvvəlcə Lənkəran regional miqrasiya idarəsinin məsul əməkdaşı DMX-nin fəaliyyət istiqamətləri, funksiyaları və əldə edilmiş nailiyyətləri barədə qısa məlumat verib.

Sonra “Azərbaycan Respublikasının  vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları” mövzusunda məruzə təqdim edilib. Qeyd olunub ki, vətəndaşlıq hüququ mühüm insan hüquqlarından biri olmaqla şəxsin hüquqi statusunu müəyyən edir. Nəzərdə tutulmuş hüquq və azadlıqları şəxs yalnız tam həcmdə o zaman həyata keçirə bilər ki, o, hər hansı bir dövlətin vətəndaşı olsun və şəxsin hüquqlarının həyata keçirilməsinə dövlət təminat versin. Diqqətə çatdırılıb ki, Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı Azərbaycan Respublikası Prezidentinin 6 mart 2008-ci il tarixli Fərmanına əsasən təmin edilib.

Vətəndaşsızlıq hallarının aradan qaldırılması və qarşısının alınması istiqamətində Dövlət Miqrasiya Xidmətinə həvalə edilmiş vəzifələrin vaxtında və  layiqli yerinə yetirilməsi məqsədilə Prezident İlham Əliyevin Xidmətə göstərdiyi diqqət və qayğı xüsusi qeyd olunub.

Görüşdə Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli  84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” barədə də ətraflı məlumat verilib. Bildirilib ki, sözügedən qaydaya əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxslərin və hərbi xidmətdə olan hərbi qulluqçuların şəxsiyyət vəsiqəsi ilə təmin olunması sahəsində üzləşdiyi problemlər də öz həllini tapıb.

Vurğulanıb ki, insan hüquqlarının ən ümdəsi olan vətəndaşlıq məsələləri ilə bağlı genişmiqyasılı işlərin öhdəsindən uğurla gəlməsi yaradılmasından 11 il keçən Dövlət Miqrasiya Xidmətinin prioritet vəzifələrindəndir.

Tədbirin mövzusu ilə bağlı Xidmət tərəfindən hazırlanmış bukletlər tədbir iştirakçılarına təqdim olunub, onları maraqlandıran suallar qanuna müvafiq qaydada cavablandırılıb. 

Elə həmin gün DMX tərəfindən Astarada səyyar xidmət də təşkil edilib. 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur