Dövlət Miqrasiya Xidməti Ağsuda maarifləndirmə tədbiri keçirib
Dövlət Miqrasiya Xidməti (DMX) Ağsu şəhər Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzinin konfrans zalında rayonun inzibati ərazi dairələri üzrə nümayəndələrinin və bələdiyyə üzvlərinin, hüquq-mühafizə orqanları əməkdaşlarının, təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin həmçinin, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi qaydaları” mövzusunda hüquqi maarifləndirilmə tədbiri keçirib.
Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan bəhs olunub.
Ölkədə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda hüquqi vəziyyəti ilə bağlı məsələlərdən danışılıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması və müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı DMX tərəfindən hazırlanmış video slaydların müşayiəti ilə vətəndaşların hüquqi maarifləndirilməsi istiqamətində ətraflı məlumat verilib. Müvəqqəti yaşamaq üçün icazənin verildiyi hallar və tələb olunan sənədlər diqqətə çatdırılıb. Bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, ölkə ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün DMX-yə müraciət etməlidir.
Sonra görüş iştirakçılarını maraqlandıran suallar qanuna müvafiq qaydada cavablandırılıb.
Tədbirin sonunda bir şəxsə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi və 2 nəfərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı sənədlərin siyahısı, 1 şəxsə isə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim olunub.
Ağsu rayon icra hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov tədbir iştirakçıları adından belə bir maarifləndirmə tədbirinin təşkilinə görə Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə təşəkkürünü bildirib.