Dövlət Miqrasiya Xidmətinin rəisi Tacikistanın Azərbaycandakı səfiri ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevlə görüşüb.
Səfir Rustam Soliyevi təyinatı münasibətilə təbrik edən Dövlət Miqrasiya Xidmətinin rəisi hər zaman Prezidentlər İlham Əliyev və Emoməli Rəhmonun keçirdikləri görüşlərdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin uğurlu nəticələrini qeyd edib və Azərbaycanla Tacikistan arasında mövcud olan səmimi münasibətlərdən danışıb.
Görüşdə ölkələr arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əlaqələrdən danışılıb. Bildirilib ki, Azərbaycan ilə Tacikistan bir-birinə dost ölkələrdir. Əminlik ifadə edilib ki, iki dövlət arasında formalaşmış dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi yolunda səylər bundan sonra da davam etdiriləcək.
F.Nəbiyev səfirə Ermənistan - Azərbaycan münaqişəsi barədə məlumat verib, Azərbaycanın 20% ərazisini Ermənistan silahlı qüvvələrinin işğal etdiyini, BMT TŞ-nin 4 qətnaməsinin bu günə qədər Ermənistan tərəfindən yerinə yetirilmədiyini qeyd edib. Prezident İlham Əliyevin bu günlərdə BMT-dəki çıxışı zamanı toxunduğu çox ciddi məsələləri xüsusi vurğulayıb.
Xidmət rəisi miqrasiya xidmətlərinin göstərilməsində “bir pəncərə” prinsipinin tətbiqindən, Vahid Miqrasiya Məlumat Sistemindən, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində öz əksini tapmış müvafiq prosedurların - əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatının, ölkə ərazisində yaşamalarının əsaslarının və müddətlərinin, iş icazələrinin verilməsinin, nəzərdə tutulmuş digər müvafiq normaların tətbiqinin sadələşdirilməsindən, eləcə də miqrantların hüquqlarının qorunmasının daim diqqətdə saxlanılmasından söhbət açıb.
F.Nəbiyev bütün sahələrdə olduğu kimi miqrasiya sahəsində də iki ölkə arasında əlaqələrin uğurla inkişafı ilə bağlı fikirlərini bölüşüb.
Səfir də öz növbəsində Dövlət Miqrasiya Xidmətinin rəisinə səmimi görüşə və təbrikinə görə təşəkkür edib. Diplomat Azərbaycanla Tacikistan arasında qardaşlıq münasibətlərindən danışıb. İki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə miqrasiya ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.