Dövlət Miqrasiya Xidməti Astarada səyyar xidmət təşkil edib
Dövlət Miqrasiya Xidməti Lənkəran regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Astara rayonunda dağlıq ərazidə yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün səyyar xidmət təşkil edib.
Həmin gün rayonun mərkəzi kitabxanasında təşkil edilmiş tədbirdə Lənkəran regional miqrasiya idarəsinin əməkdaşları həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı müvafiq prosedurlar barədə iştirakçılara məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
Sonra səyyar xidmət həyata keçirilib. Səyyar xidmətin imkanlarından müraciət edən 12 nəfər istifadə edib. Onlardan 1 nəfərinə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış, 7 şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri təqdim edilib. 4 nəfərə isə DMX-nin funksiyalarına aid olan xidmətlərlə bağlı qanunvericiliklə tələb olunan sənədlərin siyahısı verilib.
Müraciət edənlər səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.