Dövlət Miqrasiya Xidməti ölkə ərazisində qanunsuz yaşayan 12 əcnəbini saxlayıb
Son günlər Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı ölkə ərazisində qanunsuz yaşayan 5 nəfər Pakistan İslam Respublikası, 2 nəfər Hindistan Respublikası, 2 nəfər Nepal Krallığı, 1 nəfər Syerra-Leone Respublikası, 1 nəfər Nigeriya Federativ Respublikası vətəndaşı və 1 nəfər ikili vətəndaşlığı (Fələstin və İordaniya Həşimi Krallığı) olan əcnəbi saxlanılıb.
Araşdırma zamanı miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə inzibati qaydada Azərbaycan Respublikasının ərazisindən çıxarılan və ölkə ərazisinə girişinə məhdudiyyət qoyulan Pakistan vətəndaşı özünü Vasim kimi təqdim edən Zıkar Ullah tərəfindən 5 nəfər həmyerlisinin (Hussain Muhammad Waqar, Ahmad Sarfraz, Haidar Irfan, Ali Faizan, Ahmed Shakeel), 2 nəfər Hindistan vətəndaşının (Ravinder Kumar, Mandal Bhairab) və 2 nəfər Nepal Krallığı vətəndaşının (K C Sunil, Shrestha Anu) işə düzəltmə adı ilə aldadılaraq Azərbaycan Respublikasına gətirilməsi məlum olub.
Adları çəkilən 9 nəfəri Azərbaycanda qarşılayan Zıkar Ullah müxtəlif ünvanlarda kirayə tutduğu mənzillərdə həmin əcnəbilərin yerləşdirilməsini həyata keçirib və onlara respublikamızda müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi alacağına, həmçinin həmin şəxsləri işlə təmin edəcəyinə vəd verib. Xatırladaq ki, qanunsuz miqrasiya kanalının təşkilatçısı olan Zıkar Ullahın toruna düşən daha 43 şəxs bir müddət əvvəl DMX tərəfindən aşkar edilərək respublikanın hüdudlarından kənara çıxarılıb.
Saxlanılmış Syerra-Leone vətəndaşı Banya Sama Kai və Nigeriya vətəndaşı Eze Chukuemeka isə Azərbaycan Texniki Universitetinin tələbələri olaraq DMX-dən müvəqqəti yaşama icazəsi alıb, lakin universitetdən xaric edildikdən sonra ölkəni tərk etməyərək qanunsuz miqranta çevriliblər.
Bundan əlavə, keçirilmiş tədbir zamanı saxlanılmış ikili vətəndaşlığı olan Jebreen M.S. Awadın Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu olduğu, sonradan işləmək məqsədi ilə Azərbaycana qayıtdığı məlum olub. Jebreen M.S. Awad ona iş və müvəqqəti yaşama icazəsi alınması məqsədilə “Ok tour” turizm şirkəti ilə razılaşıb və çalışmadığı “Md international” MMC-dən müvafiq icazələr əldə edib. Lakin sonradan həmin MMC-nin fəaliyyətini dayandırması ilə əlaqədar olaraq Jebreen M.S. Awad dostlarının köməyi ilə Azərbaycanda daşınmaz əmlak sahibi kimi müvəqqəti yaşama icazəsinin alınmasına nail olub.
Aşkar edilmiş faktlarla bağlı Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdirilən şəxslər müvafiq inzibati məsuliyyətə cəlb ediliblər.
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.