newsPhoto

Dövlət Miqrasiya Xidmətində 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib

Dövlət Miqrasiya Xidmətində (DMX) 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib. 

Xidmətin struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib. Xidmət rəisi bildirib ki, Azərbaycan öz tarixinin ən möhtəşəm inkişaf və qüdrətli dövlətçilik dövrünü yaşayır. Bu nailiyyət Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin isə uğurla davam etdirdiyi milli intibah siyasətinə və ictimai sabitliyə söykənir. Son illər dünyanın müxtəlif ölkələrində baş verən böhran, ayrı-ayrı ölkələrin tənəzzülü bir daha sübut edir ki, ilk növbədə təhlükəsizlik təmin olunmadan cəmiyyətin inkişafı mümkün deyil. F.Nəbiyev əlavə edib ki, bütün hökumət strukturlarında fəaliyyətin milli maraqlar, qanunçuluq, insan hüquq və azadlıqlarının aliliyi prinsipləri üzərində qurulmasını əsas məqsəd kimi müəyyənləşdirmiş cənab İlham Əliyevin 2003-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə keçdi, gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin simvoluna çevrildi.

Xidmət rəisi qeyd edib ki, Azərbaycan sabitlik adası kimi əcnəbilərin diqqətini çəkməkdədir. Bununla yanaşı təkcə bu ilin birinci yarısında respublikamız bir sıra beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib və DMX də bu proseslərlə bağlı həvalə edilmiş vəzifələri müvəffəqiyyətlə yerinə yetirib. Belə ki, bu il keçirilmiş IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” Avropa Qran-pri yarışları, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın yaratdığı növbəti mükəmməl təşkilatçılıq modeli idi. İstər bu mötəbər layihələrlə bağlı, istərsə də müxtəlif məqsədlərlə əlaqədar ölkəmizə təşrif buyuran əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin respublikamıza sərbəst gəlməsinin və getməsinin təşkili, miqrasiya ilə bağlı məsələlərin operativ şəkildə həlli istiqamətində hesabat dövründə zəruri tədbirlər görülüb.

Xidmət rəisi vurğulayıb ki, miqrantlar adətən iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələrə üz tuturlar. Turizm sektorunun inkişafı ilə bağlı görülən işlər, “ASAN viza” sisteminin tətbiqi, sabitlik Azərbaycana səfər edən əcnəbilərin sayının 6 ay ərzində kifayət qədər artmasına səbəb olub.

F.Nəbiyev məlumat verib ki, 2017-ci ilin birinci yarısında 1.199.770 halda 747.107 əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduqları Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə qeydə alınıb. Bu rəqəm 2016-cı ilin müvafiq dövründə 955.279 halda 529.924 olub.

Diqqətə çatdırılıb ki, 6 ay ərzində ölkədə qalma müddətinə müvafiq olaraq 328.159 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınmaqla bağlı müraciət edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.

Bu ilin birinci yarısında İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə edilməklə 48 saat ərzində ölkəni tərk etmə ilə bağlı 5.391 qərar qəbul olunub.

Hesabat dövründə Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikası ərazisində olma və yaşama icazələrinin alınması, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müəyyənləşdirilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 45.099 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərar qəbul edilib.

2017-ci ilin 6 ayı ərzində Xidmətin Çağrı mərkəzinə 46.992 zəng daxil olub.

F.Nəbiyev  xüsusi vurğulayıb ki, Xidmətin əldə etdiyi nailiyyətlər Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsində  mümkün olub.

Xidmət rəisi Nazirlər Kabinetinin 2017-cı ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan  iclasında Prezident İlham  Əliyevin verdiyi konkret göstərişləri xatırladıb. Bildirib ki, qarşıya qoyulmuş vəzifələrin vaxtında və düzgün icra edilməsi üçün hər bir miqrasiya əməkdaşı fəaliyyətini yüksək peşəkarlıqla, ciddi tələbkarlıq şəraitində yerinə yetirməlidir.

Sonra struktur bölmə rəhbərlərinin məruzələri dinlənilib.

Müşavirəyə yekun vuran Xidmət rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev bildirib ki, “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidməti müraciət edənlərin məmnunluğunun təmin edilməsi, dövlətimizin təhlükəsizliyi, daxili əmək bazarının qorunması, miqrasiya proseslərinin tənzimlənməsi kimi vəzifə və tapşırıqları bundan sonra da  müvəffəqiyyətlə yerinə yetirəcək.

 

 

 

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur