Dövlət Miqrasiya Xidmətində İordaniyanın ölkəmizdəki səfiri ilə görüş olub
İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Nassar İbrahim Məhəmməd əl-Habaşnehlə görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Azərbaycan ilə İordaniya arasındakı tarixi dostluq əlaqələrindən, münasibətlərin inkişafında hər iki ölkə rəhbərinin mühüm rolundan söhbət açıb. Bildirib ki, ölkələrimiz arasında siyasi, humanitar və digər sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. İordaniya beynəlxalq təşkilatlarda daim Azərbaycanın mövqeyini dəstəkləyir və müdafiə edir.
Xidmət rəisi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə səfirə məlumat verib.
Söhbət zamanı mövcud multikultural dəyərlərə verilən önəmin, sabitliyin, dinamik inkişafın Azərbaycanı əcnəbilər üçün cəlbedici ölkəyə çevirdiyi qeyd olunub. Ölkəmizin həm Avropa , həm də islam dünyası üçün əhəmiyyətinə diqqət çəkilən görüşdə bu ilin mayında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili minnətdarlıqla vurğulanıb.
F.Nəbiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini diplomatın diqqətinə çatdırıb.
Səfir Nassar İbrahim Məhəmməd əl-Habaşneh Azərbaycanın sürətli inkişafının, təhlükəsiz ölkə olmasının birbaşa şahidi olduğunu deyib. Diplomat Azərbaycan Hökumətinin həm ölkəmizdəki, həm də digər dövlətlərdə məskunlaşan qaçqın və məcburi köçkünlərə göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Eyni dəyərləri bölüşən bir ölkə kimi iordaniyalıların Azərbaycana böyük marağına diqqət çəkib.
Görüşdə ikitərəfli siyasi əlaqələrin ruhuna uyğun olaraq, iki ölkə arasında miqrasiya sahəsində əlaqələrin genişləndirilməsinin zəruriliyindən bəhs olunub.
Miqrasiya qanunvericiliyi ilə bağlı İordaniya tərəfini maraqlandıran bir sıra sualların cavablandırıldığı görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.