Kürdəmirdə miqrasiya qanunvericiliyi ilə bağlı maarifləndirmə tədbiri keçirilib
Dövlət Miqrasiya Xidməti Kürdəmir rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, ictimaiyyətin və rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin, mehmanxana və mehmanxana tipli istirahət mərkəzləri işçilərinin iştirakı ilə maarifləndirmə tədbiri keçirib.
Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisi olan Kürdəmirdə keçirilmiş tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən uğurlu islahatlardan, Azərbaycanın turizm potensialının imkanlarından səmərəli istifadə edilməsi üçün görülən işlərdən bəhs olunub. Qeyd edilib ki, “ASAN Viza” sisteminin tətbiqi Azərbaycana gələn turistlərin sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Vurğulanıb ki, turistlərin rahatlıqlarının və təhlükəsizliklərinin təmin edilməsi Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin prioritetlərindəndir. Bu baxımdan ölkəmizə təşrif buyuran əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin olduqları yer üzrə qeydiyyatları mütləq təmin olunmalıdır.
Diqqətə çatdırılıb ki, Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən 10 gündən artıq ölkədə qalmaq istəyən hər bir əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin DMX-də 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməsini qəbul edən tərəf təmin etməlidir. Həmçinin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs özü də qanunvericiliyin tələbinə uyğun olaraq olduğu yer üzrə qeydiyyata düşmək üçün müraciət edə bilər. Qeydiyyata Xidmətə və eləcə də regional miqrasiya idarələrinə birbaşa və yaxud DMX-nin rəsmi saytında elektron xidmətlər bölməsindən müraciət etməklə düşmək mümkündür. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yaşadığı ünvanı dəyişdikdə bu barədə DMX-nə mütləq məlumat verməlidir.
DMX-nin əməkdaşları qanunvericiliyin tələblərinə əməl edilməsinə, eləcə də ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sonradan heç bir çətinliklə üzləşməmələrinə görə onları qəbul edən tərəfin miqrasiya qanunvericiliyinə uyğun olaraq məsuliyyətinə dair ətraflı izahedici söhbət aparıblar.
Görüşdə Xidmət tərəfindən göstərilən elektron xidmətlər haqqında məlumat verilib. Xidmət tərəfindən göstərilən 11 elektron xidmətin “Elektron hökumət” portalına inteqrasiyasının təşkil olunduğu bildirilib.
Tədbirdə olduğu yer üzrə elektron formada qeydiyyatla bağlı müraciətlərin edilməsi qaydalarının izahlı videotəlimat vasitəsi ilə əyani şəkildə geniş təqdimatı olub.
Sonda iştirakçıların sualları cavablandırılıb.