newsPhoto

Dövlət Miqrasiya Xidməti Naftalanda maarifləndirmə tədbiri keçirib

Gəncə regional miqrasiya idarəsinin xidməti ərazisinə aid olan Naftalan şəhərində əhalinin miqrasiya qanunvericiliyi barədə maarifləndirilməsi məqsədilə tədbir keçirilib.

Tədbirdə “Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı həyata keçirdiyi mübarizə tədbirləri: əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati məsuliyyət və miqrasiya qanunvericiliyində baş vermiş son dəyişikliklər”, “Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı göstərilən xidmətlər, həmçinin şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin araşdırılması, vətəndaşlığa qəbul, bərpa və xitam” mövzularında məruzələr təqdim olunub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə prioritet sahələrdən biri kimi müəyyən olunmuş turizm sektorunun son illər sürətlə inkişaf etdiyinin xüsusi vurğulandığı görüşdə kurort şəhəri olan Naftalana çoxsaylı əcnəbilərin gəlməsi və onların miqrasiya qanunvericiliyinin tələblərinə riayət etməklə qeydiyyata alınması zəruriliyi diqqətə çatdırılıb və bunun üçün qəbul edən tərəfin vəzifələri izah olunub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə yerli sahibkarlıq subyektlərinin, otel və pansionat nümayəndələrinin, aidiyyəti dövlət qurumlarının, təhsil, səhiyyə işçilərinin, yerli icra hakimiyyəti və bələdiyyələrin nümayəndələri iştirak edib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur