newsPhoto

Masallıda turizm obyektlərinin nümayəndələri üçün miqrasiya  qanunvericiliyinə dair  seminar keçirilib

Lənkəran regional miqrasiya idarəsi Masallı rayon Mədəniyyət mərkəzində rayonun turizm obyektlərinin nümayəndələri üçün miqrasiya  qanunvericiliyinə dair  seminar keçirib.

Turizm mövsümünün başlanması ilə əlaqədar təşkil edilmiş seminarda ölkəmizin sosial-iqtisadi inkişafı, turizm potensialı barədə geniş söhbət açılıb. Müasir dünyada turizmin hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri olduğu bildirilib. Ona görə də Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə turizmin inkişafı ilə əlaqədar aparılan islahatlar qeyd edilib, qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası nəticəsində bölgələrdə turizm  sənayesinin  yeni inkişaf mərhələsinin başlandığı konkret faktlarla əsaslandırılıb. Ölkəmizə turist axını ilə bağlı onları qəbul edən tərəfin miqrasiya qanunvericiliyinin tələblərinə daha ciddi əməl etmələrinin vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, turistlərin rahatlıqlarının və təhlükəsizliklərinin təmin edilməsi Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin prioritetlərindəndir. Bu baxımdan ölkəmizə təşrif buyuran əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin olduqları yer üzrə qeydiyyatları mütləq təmin olunmalıdır.

Miqrasiya Məcəlləsinə əsasən 10 gündən artıq ölkədə qalmaq istəyən hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin DMX-də 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməsini qəbul edən tərəf təmin etməlidir. Həmçinin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs özü də qanunvericiliyin tələbinə uyğun olaraq olduğu yer üzrə qeydiyyata düşmək üçün müraciət edə bilər. Müraciətlər Xidmətə və onun regional idarələrinə birbaşa və ya elektron qaydada həyata keçirilir.

Seminarda iştirakçıların sualları cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur