Vətəndaşların miqrasiya sahəsində hüquqi maarifləndirilməsi məqsədilə İmişlidə tədbir keçirilib
Şirvan regional miqrasiya idarəsinin xidməti ərazisi olan İmişli rayonunun Heydər Əliyev Mərkəzində miqrasiya sahəsində vətəndaşların hüquqi maarifləndirilməsi məqsədilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, təhsil işçilərinin, ictimaiyyətin, rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin, idarə və müəssisə rəhbərlərinin, hüquq-mühafizə orqanları əməkdaşlarının, o cümlədən rayon polis şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu əməkdaşlarının iştirakı ilə “Azərbaycan Respublikasında qeyri qanuni yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması, vətəndaşsızlıq hallarının aradan qaldırılması” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Ümumilikdə 130 nəfərin iştirak etdiyi tədbirdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, miqrasiya qanunvericiliyi, İnzibati Xətalar Məcəlləsinin müvafiq müddəaları barədə söhbət açılıb. Sonra əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti yaşama icazəsi, həmçinin daimi yaşama icazəsi alınması, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və vətəndaşlığa qəbulla bağlı müvafiq prosedurlar və tələb edilən sənədlər barədə tədbir iştirakçılarına məlumat verilib.
Tədbir çərçivəsində İmişli rayonu üzrə sənədsiz və ya qeydiyyatsız olaraq qeyri-qanuni yaşayan əcnəbilər və vətəndaşlığı naməlum şəxslərin leqallaşdırılması istiqamətində müvafiq inzibati ərazi dairələri üzrə nümayəndələrlə təhlillər aparılıb.
Tədbirin sonunda vətəndaşların səyyar qəbulu təşkil olunub, 6 nəfərin müraciəti dinlənilib. Onlardan etibarsız sənədlərlə yaşayan 2 nəfərə vətəndaşı olduqları ölkələrin Azərbaycan Respublikasındakı səfirliyinə müraciət etməklə yeni pasport və ya qayıdış şəhadətnaməsi alınması üçün müraciət etmələri tövsiyə olunub, 4 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsinə görə DMX-nə müraciət etmək üçün tələb olunan sənədlərin siyahısı verilib.