newsPhoto

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2017-ci ilin may ayına olan statistik məlumatları

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən 2017-ci ilin may ayı ərzində miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, idarə edilməsi və tənzimlənməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Ay ərzində Bakı şəhərində, həmçinin Respublikanın digər  şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1856 qərar qəbul edilib. Onlardan 27-nin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 220 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb. İnzibati qaydada ölkə ərazisindən çıxarılmamaqla cərimə tətbiq olunma ilə bağlı 887, inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaqla cərimə tətbiq olunma ilə bağlı 458, Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən ölkə ərzisinə girişinin məhdudlaşdırılması ilə bağlı 264 şəxs barədə qərarlar qəbul edilib.

Ümumiyyətlə, ay  ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 7667 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 56600 əcnəbinin müraciəti qeydə alınıb.

Dövlət Miqrasiya Xidməti tərəfindən ay ərzində respublikanın ayrı-ayrı bölgələrində 8 maarifləndirmə tədbiri keçirilib, o cümlədən 3 rayonda səyyar xidmət təşkil olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur