Dövlət Miqrasiya Xidməti işəgötürənlərin məlumatlandırılması ilə bağlı növbəti tədbir keçirib
Respublikamızda fəaliyyət göstərən işəgötürənlərin nümayəndələri ilə görüşdə Xidmət rəisinin birinci müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyev Prezident İlham Əliyevin Azərbaycanda özəl sektora, sahibkarlığa yaratdığı şərait barədə söhbət açıb. Ölkə başçısının müəyyən etdiyi strategiyaya uyğun olaraq Dövlət Miqrasiya Xidmətinin bu sahə ilə bağlı mərkəzi icra hakimiyyəti orqanı kimi qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində gördüyü işlərdən bəhs edib. Bu günkü görüşün həm qanunvericilikdəki müəyyən yeniliklər barədə məlumatı iştirakçıların diqqətinə çatdırmağa, eləcə də sahibkarlıq subyektlərinin, işəgötürənlərin əcnəbi işçi qüvvəsini haqqı ödənilən əmək fəaliyyətinə cəlb etmələri ilə bağlı müəyyən olunmuş prosedurlara əməl etmələrinin təşviqinə xidmət etdiyini bildirib.
Görüşdə Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 124 nömrəli qərarı ilə təsdiq olunmuş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nın tələbləri barədə məlumat verilib. Daxili əmək bazarının vəziyyəti, işçi qüvvəsinə tələbat, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik olan Azərbaycan vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanlarının, işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı, habelə yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi nəzərə alınmaqla təsdiq edilmiş Qaydaya görə işəgötürənlər hər il may ayının 1-dək Dövlət Miqrasiya Xidmətinə növbəti il üçün Məşğulluq Təsnifatı üzrə peşələr göstərilməklə əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat təqdim etməlidirlər. Amma müəyyən şirkətlərin, holdinqlərin, bir sözlə bəzi işəgötürənlərin proqnoz məlumatı vaxtında və yaxud dolğun şəkildə təqdim etmədikləri və nəticədə əmək miqrasiyası kvotası təsdiq ediləndən sonra həmin işəgötürənlərin tələbata uyğun sayda əcnəbi mütəxəssisi işə cəlb edə bilmədikləri və bu halın da onların biznes-planlarına təsirləri kimi məsələlərin ortalığa çıxdığını deyib. Çünki, əmək miqrasiyası kvotası təqvim ili ərzində respublika ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin sayının son həddidir. Ona görə də hər bir işəgötürən planlaşdırdığı layihələrdə əcnəbi işçi qüvvəsinə ehtiyacı əvvəlcədən müəyyən etməli və qəbul edilmiş Qaydaya uyğun olaraq təyin olunmuş müddətdə proqnoz məlumatların aidiyyəti üzrə DMX-nə təqdim olunmasını təmin etməlidir. Proqnoz-məlumat formasının Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində (http://migration.gov.az) yerləşdirildiyi və onlayn rejimdə işlədiyi diqqətə çatdırılıb.
Tədbirdə o da bildirilib ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə Azərbaycan Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanına uyğun olaraq, Dövlət Miqrasiya Xidmətinin Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb, onların tərkibi və Şuranın Əsasnaməsi təsdiq edilib. Təqdirəlayiq haldır ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən Xidmətə hər hansı şikayət daxil olmayıb.
Görüşdə bir fikir də qeyd olunub ki, bu gün ölkəmizdə həyata keçirilən böyük layihələrdə yerli əmək ehtiyatlarından istifadə edilməsi əsas prioritetlərdəndir. Çünki, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın inkişafından birinci növbədə onun vətəndaşı faydalanmalıdır. Dövlət Miqrasiya Xidməti bu siyasətin icrası olaraq ölkənin energetika, neft qaz layihələrində milliləşmə proqramının icrasına bu nöqteyi-nəzərdən bir töhfə verib. Belə ki, “Əsrin müqaviləsi”ndə əksini tapan, təsbit olunan müddəalara əsasən ölkəmizin neft-qaz yataqlarında operator, kontraktr, sub-kontraktr olan şirkətlərin hər biri özlərinin milliləşmə proqramlarını işləyib tamamlayıb və 2014-2018-ci illəri əhatə edən milliləşmə proqramı təsdiq olunub. Plana uyğun olaraq milliləşdirmə siyasəti nəticəsində neft-qaz layihələrində işləyən Azərbaycan vətəndaşlarının sayı 78 %-dən 90 %-dək yüksəldilib, 2018-ci ilə bu sahədə milli kadrların 95% təşkil etməsi hədəf olaraq müəyyən olunub.
Sonra qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri və əldə olunmuş nəticələr haqqında iştirakçılara məlumat verilib. Həm işəgötürənlərin, həm də əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin qanunvericiliyin tələblərinə əməl etmələrinin zəruriliyi bir daha izah olunub. Vurğulanıb ki, Dövlət Miqrasiya Xidməti VMMS vasitəsilə hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət edir.
Yekunda bir daha qeyd edilib ki, görüş Azərbaycanda işəgötürənlərin rahatlıqlarının təmin edilməsinə, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, o cümlədən ölkəmizə xarici investisiyaların yatırılmasının, həmçinin yeni iş yerlərinin açılması üçün əlverişli şəraitin yaradılmasının, bu istiqamətlərdə fəaliyyət göstərən istər yerli, istərsə də əcnəbi fiziki və hüquqi şəxslərin ölkəmizin miqrasiya qanunvericiliyinin tələblərinə əməl etməklə uğurlu fəaliyyətlərinin stimullaşdırılmasına xidmət edir.
Tədbirdə iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
İştirakçılar tədbirin təşkilindən razı qaldıqlarını bildirib, iş adamı Müjdelim Bozqurd, BP şirkətinin nümayəndəsi Sevda Nağıyeva, Azərbaycanda Amerika Ticarət Palatasının məsul şəxsi Rəşid Məmmədov və başqaları ətraflı məlumata və maarifləndirməyə görə minnətdarlıq ediblər.