Dövlət Miqrasiya Xidməti turizm obyektlərinin əməkdaşları üçün növbəti seminarı Lənkəranda keçirib
Turizm mövsümünün başlanması ilə əlaqədar olaraq Lənkəran regional miqrasiya idarəsi mehmanxana nümayəndələri üçün rayonun Mədəniyyət Mərkəzində miqrasiya qanunvericiliyinə həsr edilmiş seminar keçirib.
Məlumat verilib ki, Xidmət əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması kimi funksiyaları yerinə yetirir. Bu gün əminliklə deyə bilərik ki, qanuni əsaslarla ölkəyə gələn və respublikada olmasını və yaşamasını leqallaşdıran əcnəbilərin hüquqlarının yüksək səviyyədə qorunması, qanunsuz miqrasiya ilə bağlı lazımı tədbirlər Xidmət tərəfindən müvəffəqiyyətlə icra olunmaqdadır.
Diqqətə çatdırılıb ki, Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs ölkədə 10 gündən artıq qalmaq istədiyi halda 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlərin müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi, bir sözlə qəbul edən tərəf əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində olduğu yer üzrə qeydiyyata alınması haqqında Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir. Qeydiyyata Xidmətin rəsmi saytından elektron qaydada və ya şəxsən regional miqrasiya idarələrinə müraciət etməklə düşmək olar. Mehmanxana nümayəndələrinə elektron xidmətlər vasitəsilə əcnəbinin olduğu yer üzrə qeydiyyata alınması qaydaları izah edilib. Bildirilib ki, əcnəbilər olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə miqrasiya orqanlarına məlumat verməli və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılmalıdırlar. Eyni zamanda, əcnəbi olduğu yeri dəyişdikdə, onun nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınması üçün müraciət edilməlidir. Qeydiyyat müddəti başa çatdıqda, əcnəbilər qeydiyyatdan çıxarılmış hesab edilirlər.
Qeyd olunub ki, Dövlət Miqrasiya Xidməti VMMS vasitəsilə hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət edir. Şübhəsiz ki, Məcəllənin tələbi pozulduğu halda inzibati məsuliyyət yaranır.
Sonra iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.