Dövlət Miqrasiya Xidməti Şamaxıda turizm obyektlərinin əməkdaşları üçün seminar keçirib
Ağsu regional miqrasiya idarəsinin xidmət ərazisi olan Şamaxıda rayon ərazisində yerləşən istirahət mərkəzləri, mehmanxana və mehmanxana tipli turizm obyektlərinin rəhbər heyətləri, inzibatçıları və eləcə də, ərazisində turizm obyektləri fəaliyyət göstərən kənd inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə miqrasiya sahəsində maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə əvvəlcə Dövlət Miqrasiya Xidməti və regional miqrasiya idarələrinin fəaliyyət istiqamətləri barədə məlumat verilib. Sonra “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması qaydaları” mövzusunda məruzə təqdim olunub. Tədbirdə miqrasiya qanunvericiliyinin tələbləri ilə bağlı izahedici söhbət aparılıb. Bildirilib ki, Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs ölkədə 10 gündən artıq qalmaq istədiyi halda 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlərin müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi, bir sözlə qəbul edən tərəf əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində olduğu yer üzrə qeydiyyata alınmasını təmin etməlidir. Bunun üçün Xidmətin müvafiq struktur bölmələrinə birbaşa müraciət etməklə və yaxud DMX-nin rəsmi internet səhifəsinin (www.migration.gov.az) elektron xidmətlər pəncərəsinə daxil olaraq onlayn qaydada qeydiyyata düşmək olar. Əcnəbilər olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə miqrasiya orqanlarına məlumat verməli və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılmalıdırlar. Eyni zamanda, əcnəbi olduğu yeri dəyişdikdə, onun nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınması üçün müraciət edilməlidir.
Turizm obyektlərinə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin elekton qaydada olduğu yer üzrə qeydiyyata alınması prosedurları əyani şəkildə izah olunub. Görüş iştirakçıları elektron xidmət vasitəsilə olduğu yer üzrə qeydiyyatla bağlı videoçarxa baxıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar qanunamüvafiq qaydada cavablandırılıb.