“İnsan hüquqları aylığı” çərçivəsində Dövlət Miqrasiya Xidməti tərəfindən tədbirlər keçirilib
Dövlət Miqrasiya Xidməti tərəfindən “İnsan hüquqları aylığı” çərçivəsində Gəncə regional miqrasiya idarəsinin xidməti ərazisinə aid olan Tovuz rayonunun Mədəniyyət sarayında maarifləndirmə tədbiri keçirilib. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, yerli sahibkarlıq subyektlərinin, aidiyyəti dövlət qurumlarının, təhsil, səhiyyə işçilərinin, şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrin və bələdiyyə üzvlərinin iştirak etdiyi tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının tam təmin edilməsi istiqamətində görülmüş işlər barədə geniş söhbət açılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulduğu kimi əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizdə olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər.
Tədbirdə Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə azad və sərbəst şəkildə qalmaları, yaşamaları, qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olmaları üçün görülmüş işlər barədə ətraflı məlumat verilib.
Xidmətin aparatının və regional idarənin məsul əməkdaşları “Miqrasiya sahəsində insan hüquqları və beynəlxalq normalar”, “Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər və leqallaşma istiqamətində görülmüş işlər”, “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati məsuliyyətlər və miqrasiya qanunvericiliyində baş vermiş son dəyişikliklər”, “Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı göstərilən xidmətlər (olduğu yer üzrə qeydiyyat, müvəqqəti və daimi yaşamaq üçün icazənin və iş icazəsinin verilməsi), həmçinin şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin araşdırılması, vətəndaşlığa qəbul, bərpa və xitam” mövzularında məruzələrlə çıxış ediblər.
Elə həmin gün Tovuz rayonunda Dövlət Miqrasiya Xidməti tərəfindən səyyar qəbul keçirilib. Müraciət edən 28 şəxsə səyyar xidmət göstərilib. Onlardan 1 nəfərə müvəqqəti yaşama icazəsi vəsiqəsi, 6 şəxsə vətəndaşlıq mənsubiyyətinin tanınması barədə arayışlar verilib. 2 nəfərin vətəndaşlıq mənsubiyyətinin araşdırılması, 1 nəfərin vətəndaşlığa qəbul üçün sənədləri qəbul edilib. 8 nəfərə vətəndaşlıq məsələləri ilə, 2 nəfərə isə müvəqqəti yaşama icazəsi ilə bağlı sənəd siyahısı təqdim olunub. 8 nəfərin müxtəlif məzmunlu müraciətləri qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırılıb.
Xaçmaz regional miqrasiya idarəsinin xidməti ərazisinə aid olan Şabran rayonunda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə “Miqrantların hüquqları insan hüquqları kontekstində” və “Miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri barədə məlumatlandırmanın qanunsuz miqrasiyanın qarşısının alınmasında əhəmiyyəti” mövzularında məruzələr təqdim olunub.
Tədbirdə Xidmətin aparatının və regional idarənin məsul əməkdaşları çıxış edərək, bildiriblər ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi özündə təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasının 48 maddədən ibarət üçüncü fəslinin bütün müddəaları insana, onun ləyaqətinə, hüquqlarına hörmət ruhunda yazılıb, insan hüquq və azadlıqları ən yüksək dəyər kimi təsbit olunub.
Qeyd edilib ki, 2016-cı ildə Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi ilə əlaqədar sentyabrın 26-da ümumxalq səsverməsində Azərbaycan xalqının təqdim olunan dəyişikliklərə yekdilliklə səs verməsi onun Prezident İlham Əliyevin siyasətinə münasibətini əks etdirir. Referendumun yekunlarına əsasən, Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərin çoxu insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi, siyasi idarəçilik təsisatlarının fəaliyyətinin yaxşılaşdırılması, demokratiyanın gücləndirilməsi məqsədi daşıyır.
Diqqətə çatdırılıb ki, qanuni əsaslarla ölkəyə gələn və respublikada olmasını və yaşamasını leqallaşdıran əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, iş icazəsi əsasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əməkçi miqrantların hüquqlarının yüksək səviyyədə qorunması, qanunsuz miqrasiya ilə bağlı lazımi tədbirlər Xidmət tərəfindən müvəffəqiyyətlə icra olunmaqdadır.
Hər iki tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.