Tərtər rayonunda maarifləndirmə tədbiri keçirilib
Yevlax regional miqrasiya idarəsinin xidmət ərazisi olan Tərtər rayonunda keçirilən maarifləndirmə tədbirində əvvəlcə Dövlət Miqrasiya Xidmətinin (DMX) yaranması və fəaliyyət istiqamətləri barədə məlumat verilib. Qurum tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı göstərilən xidmətlər-olduğu yer üzrə qeydiyyat, müvəqqəti yaşamaq, eləcə də daimi yaşamaq üçün icazənin verilməsi, həmçinin şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin araşdırılması, vətəndaşlığa qəbul, bərpa və xitam və s. barədə ətraflı söhbət açılıb.
Bildirilib ki, DMX dövlətimizin təhlükəsizlik maraqlarını təmin etmək, eləcə də daxili əmək bazarını qorumaq üçün qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparır. Bu mübarizə üçün də Azərbaycan Respublikası digər ölkələr kimi öz sərhədləri daxilində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma, yaşama və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün prosedur qaydalarını müəyyən etmişdir. Bu şərtlərə, qaydalara əməl etmək isə hər bir əcnəbinin borcudur. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunmuş və xidməti fəaliyyətində operativlik, şəffaflıq əsas meyar kimi müəyyən edilmiş Dövlət Miqrasiya Xidmətinə, regional miqrasiya idarələrinə müraciət edib ölkə ərazisində müvəqqəti olmalarını, yaşamalarını leqallaşdırmalı, fəaliyyətlərini qanuni əsaslarla həyata keçirməli, bu sahədə mövcud olan Azərbaycan qanunlarını öyrənməli və ona riayət etməlidirlər.
Diqqətə çatdırılıb ki, DMX tərəfindən bu cür görüşlərin keçirilməsinin də məqsədi qanunsuz miqrasiyanın mahiyyəti və onların doğurduğu təhlükələr, həmçinin qanunvericilik barədə ictimaiyyəti maarifləndirmək və məlumatlandırmaqdır.
Görüşdə rayonun şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə üzvləri, təhsil işçiləri və ictimaiyyət təmsilçiləri, əcnəbi və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.